Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər 14 faizdən 10 faizə enib. Lakin mənzilin kirayə verilməsinə görə əldə edilən gəlir vergisinin azaldılmasına baxmayaraq, kirayə mənzillərin qiyməti artmaqda davam edir.
Bəs buna səbəb nədir?
Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında qiymətin artmasının səbəbi gəlir vergisi ilə bağlı deyil:

“Son zamanlar Bakı şəhərində ciddi söküntü işləri həyata keçirilir. Bunun nəticəsində insanlar müvəqqəti olaraq kirayə mənzildə qalmalı olur. Eyni zamanda, bütün iqtisadi fürsətlərin Bakı və Abşeronda cəmlənməsi ona gətirib çıxarır ki, insanlar regionlardan Bakıya axışır. Bu da kirayə mənzil bazarında qiymətin yüksəlməsinə səbəb olur. Bütün bunlara görə, kirayə evlərində gəlir vergisinin 10 faiz olması qiymətə heç bir təsir etməyəcək”.
Günel Cəlilova