EN

Magyar Macarıstanı TDT-dən uzaqlaşdıracaq? – SON DƏQİQƏ açıqlaması  

Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası 45 yaşlı Peter Magyarın “Tizsa”nın (Sayğı və Azadlıq Partiyası) qələbəsilə yekunlaşdı. Bununla da müxalifət Baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tizsa” partiyası (Sayğı və Azadlıq Partiyası) parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib.

Beləliklə, növbəti müddətə Macarıstana Peter Magyar rəhbərlik edəcək.  Azərbaycan və türk dünyası ilə sıx əlaqələr quran və hətta Macarıstanı Türk Dövlətləri Təşkilatının müşahidəçi statuslu üzvü edən Viktor Orbanı indiyə qədər müxalifətdə olan və Avropa İttifaqı ilə daha sıx bağlılığı ilə seçilən Peter Magyar əvəz edəcək.

Macarıstanda hakimiyyət dəyişikliyi bu ölkənin türk dünyası və TDT ilə əlaqələrinə necə təsir edəcəyi sualını aktuallaşdırıb. Magyar məsafə saxlama xəttini yürüdəcək, yoxsa Orbanın dövründən yürüdülən xətt davam edəcək?
Azər

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Peter Magyarın Macarıstanı TDT-dən uzaqlaşdıracağı inandırıcı deyil:

“Əgər yeni baş nazir ölkəsini Türk Dövlətləri Təşkilatından uzaqlaşdırmaq siyasətini yürütsə bu, Macarıstanın bir dövlət kimi ciddiyyətinə şübhələr yarada bilər. Dövlətlərdə varislik ənənəsi həmişə olub. Yəni dövlətin strateji maraqlarına xidmət edən istiqamətləri kim hakimiyyətə gəlir-gəlsin qoruyub saxlayıb. Macarıstanın yeri əlbəttə ki, Türk Dövlətləri Təşkilatındadır. Çünki macarlar da bizim kimi türkdürlər, Türk Dövlətləri Təşkilatı da məhz türklərin ittifaqıdır. Macarıstan da məhz bunu nəzərə alaraq bu təşkilatda müşahidəçi statusunda təmsil olunur. Düşünürəm ki, Peter Magyar da eyni siyasəti xətti davam etdirəcək. Narahatlıq üçün əsas görmürəm”.

Siyasi ekspert qeyd edib ki, TDT-də təmsil olunma Macarıstanın Avropa ailəsini və NATO-nun üzvü olmasına hər hansı şəkildə kölgə düşürmür:

“Sadəcə olaraq, Peter Magyar hakimiyyətinin dövründə Rusiyadan uzaqlaşma gözlənilir. Bilirsiniz ki, Viktor Orban ölkəsini Rusiyanın faktiki olaraq tərəfdaşına çevirmişdi. İndi Magyar bu xətti kənara qoyacaq və Aİ və NATO istiqamətində fəaliyyət dərinləşdiriləcək. TDT ilə bağlı isə indiyə qədər olan xətt davam etdiriləcək. Hətta mümkündür ki, daha da intensivləşdiriləcək”. 

 

Etibar Seyidağa,
Musavat.com

Chosen
3
musavat.com

1Sources