EN

Şəhəri pinti vəziyyətə salmaq olmaz Sosioloq

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı Bulvarında əkilən dekorativ güllərin bir qismi ziyarətçilərin ehtiyatsızlığı və qaydalara əməl etməməsi nəticəsində məhv olub. Paytaxtın əsas istirahət məkanında yaşıllıqların zədələnməsi həm şəhərin estetik görünüşünü pozur, həm də mühafizə məsələsini yenidən gündəmə gətirir. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə və narazılığa səbəb olub.Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, ictimai mədəniyyət və ictimai şüur sahəsində hələ də görüləsi işlərimiz kifayət qədərdir:“Bu məsələlər ailədən başlamalıdır. Uşaqlara, yeniyetmələrə erkən yaşlardan düzgün dəyərlər aşılanmalıdır. Eyni zamanda bağçalarda, orta məktəblərdə bu istiqamətdə daha sistemli iş aparılmalıdır. Xüsusilə ictimai məkanlarda davranış qaydaları, təbiətə münasibət, torpağa, şəhərə yanaşma kimi anlayışlar insanlara düzgün şəkildə öyrədilməlidir. Demək ki, bu sahədə müəyyən boşluqlar var və bu boşluqlar da özünü bu cür xoşagəlməz hallarda göstərir. Necə ki, bir neçə gün əvvəl abidənin üzərinə çəkilən qrafitilər nəticəsində onların görünüşü tamamilə korlanmışdı, bu da eyni problemin başqa bir təzahür formasıdır. Oxşar münasibət park və xiyabanlardakı güllərə, yaşıllıqlara qarşı da müşahidə olunur. Bu səbəbdən həm ailədə, həm də təhsil müəssisələrində uşaqlar və yeniyetmələrlə bu istiqamətdə ciddi iş aparılmalıdır. Eyni zamanda sosial media vasitəsilə maarifləndirici çarxlar hazırlanaraq cəmiyyətə mesajlar ötürülməlidir. Bundan əlavə, park və xiyabanlarda, küçələrdə xüsusi bildirişlər, elanlar yerləşdirilməli, insanlara ictimai məkanlarda davranış qaydaları aydın şəkildə izah olunmalıdır ki, hər kəs nəyi etmək olar, nəyi olmaz bilsin”.O bildirib ki, burada həm inzibati tədbirlərə, yəni qaydaları pozanlara qarşı müəyyən cərimə və nəzarət mexanizmlərinə, həm də maarifləndirmə işlərinə ciddi ehtiyac var:“Çünki baş verən hadisələr onu göstərir ki, cəmiyyətimizdə bəzi insanlar hələ də şəhəri öz evləri, öz ocaqları kimi qəbul etmirlər. Halbuki şəhər hər birimizin ümumi evidir və onun qorunması, inkişafı, gözəlliyi hər bir vətəndaşın məsuliyyətidir. Əgər bu şəhərin sakinləri biziksə, o zaman biz də onun estetik görünüşünə, inkişafına öz töhfəmizi verməliyik. Şəhəri pinti vəziyyətə salmaq, estetikadan uzaq görüntülərlə onu korlamaq yolverilməzdir. Digər mühüm məqam isə vətənpərvərlik məsələsidir. İnsanlarda müəyyən qədər vətənpərvərlik hissi olmalıdır ki, anlasınlar bu şəhər turistik məkandır, buraya xarici turistlər gəlir. Onlar şəhəri gəzərkən ölkə haqqında, cəmiyyətimiz haqqında ilkin təəssüratlarını məhz gördükləri mənzərələr əsasında formalaşdırırlar. Əgər onlar baxımsız parklar, dağıdılmış güllər, estetikadan uzaq qrafitilər görürlərsə, bu, Azərbaycan cəmiyyəti haqqında mənfi fikir yaradır. Bu cür əməllər nəticəsində həm şəhərin görünüşünə zərər dəyir, həm də ölkəmizin imici zədələnir. Bu məsələyə kompleks yanaşmaq lazımdır ki, həm hüquqi müstəvidə tədbirlər görülməli, həm də geniş maarifləndirmə işləri aparılmalıdır. Bu, daha məqsədəuyğun və effektiv nəticə verə bilər”.

 

Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
demokrat.az

1Sources