EN

Xeyirxah insan, dəyərli ziyalı ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Tarix yalnız baş verən hadisələrin xronikası deyil, həm də o hadisələrə məna verən böyük şəxsiyyətlərin yaddaşıdır. Bu yaddaşda elə simalar var ki, zaman keçdikcə onların dəyəri daha da artır, fəaliyyəti isə yeni nəsillər üçün yol göstərən mayaka çevrilir. Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva məhz belə şəxsiyyətlərdəndir. Onun həyatı elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin parlaq nümunəsidir. 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyeva erkən yaşlarından elmə böyük maraq göstərmişdir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə ali təhsilini yüksək nəticələrlə başa vurmuşdur. Bu dövr onun həm dünyagörüşünün formalaşmasında, həm də gələcək elmi fəaliyyət istiqamətinin müəyyənləşməsində mühüm rol oynamışdır. Onun seçdiyi yol sadəcə bir peşə deyil, həyat missiyası idi. Zərifə Əliyeva oftalmologiya sahəsini seçərək insanlara işıq bəxş etməyi özünün əsas məqsədinə çevirdi. 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan alim qısa müddətdə peşəkar həkim və istedadlı tədqiqatçı kimi tanındı. XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyi minlərlə insanın sağlamlığını təhlükə altına alırdı. Zərifə Əliyeva bu xəstəliyə qarşı mübarizəni yalnız elmi müstəvidə deyil, praktik sahədə də apararaq bölgələrə səfərlər edir, xəstəlik ocaqlarında müalicə və profilaktik tədbirlər həyata keçirirdi. Onun tətbiq etdiyi müalicə üsulları qısa müddətdə geniş yayılaraq traxomanın sosial bəla kimi aradan qaldırılmasına mühüm töhfə verdi. Bu xidmət onu Azərbaycan tibb tarixində xüsusi mövqeyə yüksəltdi.

Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız bununla məhdudlaşmadı. O, qlaukoma, virus mənşəli göz xəstəlikləri, görmə orqanının peşə patologiyası kimi mürəkkəb sahələrdə fundamental tədqiqatlar apardı. Kimya və sənaye müəssisələrində çalışan insanların görmə orqanına təsiri ilə bağlı araşdırmaları oftalmologiyada yeni istiqamətlərin formalaşmasına səbəb oldu. Onun “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” kimi əsərləri bu sahədə mühüm elmi mənbələrdən hesab olunur. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülməsi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi. O, 150-yə yaxın elmi əsərin, monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi oftalmologiya elminin inkişafına böyük töhfələr verdi. “Terapevtik oftalmologiya” əsəri isə bu gün də mütəxəssislər üçün əsas elmi mənbələrdən biri olaraq qalır.

Zərifə Əliyeva həm də görkəmli pedaqoq idi. Onun rəhbərliyi altında yüzlərlə gənc həkim yetişmiş, bu gün də onun elmi məktəbini uğurla davam etdirirlər. O, yalnız bilik öyrətmir, eyni zamanda həkim peşəsinin mənəvi məsuliyyətini aşılayırdı. “Həkim insanın ən doğma adamıdır” prinsipi onun fəaliyyətinin əsas fəlsəfəsini təşkil edirdi. Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. 1981-ci ildə oftalmologiya sahəsindəki xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi bunun bariz nümunəsidir. Bu mükafata layiq görülən ilk azərbaycanlı qadın alim kimi o, milli elmin nüfuzunu daha da yüksəltdi.

Zərifə Əliyeva yalnız alim və həkim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı idi. O, insanlara sevgi, qayğı və mərhəmət ilə yanaşır, kimsəsizlərə kömək edir, cəmiyyətin rifahı üçün yorulmadan çalışırdı. Onun “Yüksək etimad” əsəri həkimlik sənətinin yalnız peşə deyil, həm də mənəvi missiya olduğunu göstərən dəyərli bir nümunədir. Bu böyük şəxsiyyət eyni zamanda görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası idi. Onun ailədə yaratdığı mənəvi mühit, aşıladığı dəyərlər dövlətçilik ənənələrinin formalaşmasına da öz təsirini göstərmişdir. Zərifə xanım ailədə olduğu kimi, cəmiyyətdə də nümunəvi qadın, sədaqətli həyat yoldaşı və qayğıkeş ana obrazını özündə birləşdirirdi. 1985-ci il aprelin 15-də onun ömür yolu başa çatsa da, qoyduğu irs bu gün də yaşayır. Xatirəsi xalq tərəfindən dərin ehtiramla yad edilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi onun elmi məktəbinin davamçısı kimi fəaliyyət göstərir və minlərlə insana işıq bəxş edir.

Bu gün Zərifə Əliyevanın həyat yolu bir daha sübut edir ki, əsl böyüklük yalnız əldə edilən nailiyyətlərlə deyil, insanlara verilən fayda ilə ölçülür. O, ömrünü insanlara nur bəxş etməyə həsr etdi və bu nur illər keçsə də sönmür. Zərifə Əliyeva adı Azərbaycan tarixində yalnız böyük alim kimi deyil, həm də yüksək mənəviyyat, humanizm və fədakarlıq rəmzi kimi əbədi yaşayır.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
sesqazeti.az

1Sources