EN

Balakəndə intensiv yağışlar fərdi təsərrüfatlarda fəsadlar törədib

Ötən gündən başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Aramsız yağışlar əsasən Balakən rayonunun bir neçə kəndində fəsadlara səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri Balakən rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, son iki gündə Balakənə aylıq normadan bir neçə dəfədən çox yağış düşməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb. Bununla yanaşı, fərdi təsərrüfatlarda subasmalar müşahidə olunur.

Qabaqçöl qəsəbə sakini Hürü Nurıyeva bildirir ki, ötən gündən başlayaraq aramsız yağan yağışlar onlarla sakinin təsərrüfatında fəsadlar yaradıb. Onun həyətini su bassa da, yerli icra və bələdiyyənin köməyi ilə texnika gətirilib və suyun kənarlaşdırılması istiqamətində iş aparılır.

Yağıntıların çox düşdüyü yaşayış məntəqələrindən biri Qaysa kəndidir. Bu kəndin sakinləri əsasən bostan-tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğuldur. Onların həyətlərinin əksər hissəsi su altında qalıb. Kənd icra nümayəndəliyi və yerli bələdiyyə əməkdaşları bütün gecəni kənddə sel suların arxlara yönləndirilməsi istiqamətində iş aparıblar.

Meşəşambul kəndinin sakinləri aramsız və intensiv yağışların fərdi təsərrüfatlara ciddi ziyan vurduğunu, həyətyanı sahələrin su altında qaldığını bildirirlər. Kənd icra nümayəndəliyindən verilən məlumata görə, yaxınlıqdan keçən Qaraçayda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artsa da, çayın məcrasından çıxaraq kəndə birbaşa ziyan vurması faktı qeydə alınmayıb. Hazırda həyətlərə yığılmış yağış sularının daxili arxlar vasitəsilə kənarlaşdırılması istiqamətində operativ və fasiləsiz işlər davam etdirilir. Kənd icra nümayəndəliyindən verilən digər məlumata görə, səhər saatlarında təxminən 40-50 təsərrüfatın həyətyanı sahəsində subasma halları qeydə alınsa da, görülən operativ tədbirlər nəticəsində suların əksəriyyəti ərazidən kənarlaşdırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının və müvafiq idarələrin əməkdaşları yaşayış məntəqələrində suların çəkilməsi istiqamətində iş aparırlar. Komissiyanın üzvü Hacı Muradovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, iqlim normasından artıq düşən yağışlar zamanı yaranmış fəsadların aradan qaldırılmasına yerli icra və bələdiyyə orqanlarının əməkdaşları cəlb olunub. Aramsız yağıntılar nəticəsində rayon ərazisindən keçən bütün dağ çaylarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Yaranmış vəziyyətlə əlaqədar, komissiya tərəfindən sel sularına nəzarət edilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə yerli icra strukturlarının əməkdaşları yaşayış məntəqələrinə cəlb edilib.

Chosen
22
6
ekologiya.az

8Sources