AZ

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Son günlər yağan intensiv yağışlar bölgə rayonlarındakı çaylarda suyun səviyyəsini artırıb. Bəzi ərazilərdə sel təhlükəsi yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qara dəniz üzərindən gələn hava axını ölkəmizin şimal-qərb qapısı Balakəndə özünü daha çox biruzə verib.

Belə ki, ötən gün başlayan leysan yağışları getdikcə intensivləşib. Nəticədə rayonun bir sıra kəndlərində yağış suları arxlara sığmadığından həyətlərə dolub və təsərrüfatlara zərər vurub.

Verilən məlumatlara görə son 24 saat ərzində Balakən rayon ərazisinə yağan intensiv yağışlar nəticəsində rayonun Qabaqçöl qəsəbəsi ərazisindəki bir neçə yaşayış məntəqəsində suların səviyyəsi xeyli artıb.
 

Məsələn, Qabaqçöl qəsəbəsi ilə Qaysa kəndlərini birləşdirən yollar, eləcə də ətraf həyətlər yağış suları ilə dolub. Sakinlərin sözlərinə görə, adətən əvvəllər kəndlərin kənarından, ya da ətrafından axan çaylar daşaraq fəsadlar yaradırdısa, bu dəfə yağış suları onlara çətinliklər yaşadıb.


Eyni vəziyyət Meşəşambul və Püştətala kəndlərində də müşahidə olunub. Adıçəkilən kəndlərin sakinləri bostan-tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğul olduğundan onların əkdikləri istixanalara su dolub, şitilləri yararsız vəziyyətə salıb.

Sakinlər bildirib ki, gecə saatlarından rayonun idarə və təşkilatlarının maşın və texnikaları sel-suların axıdılması üçün müəyyən işlər görməyə başlayıb. Lakin yağış o qədər güclənib ki, görülən işlərin təsiri az olub.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son 24 saat ərzində Balakən rayon ərazisinə aylıq normadan bir neçə dəfə artıq yağıntı düşüb. Bu da bir sıra kəndlərdə fərdi təsərrüfatların, meyvə bağlarının, əkin sahələrinin lilli su basmasına gətirib çıxarıb.
 

Komissiyadan o da bildirilib ki, ötən axşamdan başlayaraq suların kənarlaşdırılması istiqamətində iş aparılır və əksər ərazilər sudan təmizlənib. Əgər bu gecə yağmasa sabaha kimi sular çəkilib gedəcək.


Eyni zamanda dağ çaylarında yarana biləcək fəsadların qarşısının alınması məqsədi ilə çaylarda nəzarət gücləndirilib, lazım olan yerlərdə texnikalar vasitəsi ilə məcratəmizləmə işləri aparılır.





















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
0
1
bizim.media

8Mənbələr