EN

Əslində qəbir daşları necə olmalıdır? İlahiyyətçı ayə və hədislərlə CAVAB VERDİ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İslam dinində məzar yerləri yalnız torpaq örtərək, üzərinə mərhumun ad soyadı, atasının adı yazılaraq sadə daşla olmalıdır. Dinimizə görə məzarda olan bugünki gördüyümüz başdaşları anlayışı yoxdur. Həqiqətdə isə insan itki qarşısında aciz qalır və çox zaman sevgisini, hörmətini daş üzərində göstərmək istəyir. Biz valideynlərimizə və doğmalarımıza real həyatda o qədər sevgini qəlbimizdə saxlasaq da nə sözlə, nə əməllə tam yerinə yetirib ifadə edə bilmirik. Ancaq itkinin ağırlığından biz ona olan hörməti baş daşlarının daha yaxşı olmasına yönləndiririk. Mən biz deyəndə əsasən cəmiyyətin böyük əksəriyətini nəzərdə tuturam. Bu hiss başadüşüləndir. İslam dini isə bizə məsələni yalnız hisslə deyil, qoyduğu ölçü ilə qiymətləndirmək lazım olduğunu bildirir”.

Əkrəm Həsənov

Bu fikirləri ilahiyyatçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Quranda açıq şəkildə məzar daşlarının forması ilə bağlı detallı hökm yoxdur, amma insanın torpaqdan yaradılması və yenə torpağa qayıdacağı dəfələrlə xatırladılır.

“Sizi torpaqdan yaratdıq, yenə ora qaytaracağıq və yenidən oradan çıxaracağıq”. Bu ayə insanın son dayanacağının sadə və təvazökar olduğunu göstərir. Digər bir ayədə “Yer üzündə təkəbbürlə gəzmə” deyə buyurulur. Alimlər bu kimi ayələrdən nəticə çıxararaq bildiriblər ki, insanın həyatda olduğu kimi ölümündən sonra da təvazökar olması dinin ruhuna daha uyğundur.

Peyğəmbərimiz (s.ə.s) bu məsələdə daha konkret ölçülər qoyub. Səhih hədislərdə gəlir ki, o, məzarların ucaldılmasını, üzərinin tikilməsini və bəzədilməsini qadağan etmişdir”.

İlahiyyatçı qeyd edir ki, bu qadağaların arxasında ciddi hikmət var. Birincisi, insanın ölümündən sonra onun var-dövlətinə görə fərqləndirilməsi İslamın bərabərlik prinsipinə ziddir.

“Ölüm bütün sosial fərqləri aradan qaldıran bir həqiqətdir. İbn Qudamə kimi fəqihlər qeyd edirlər ki, məzarın sadə olması sünnəyə daha uyğundur və israfdan uzaqdır. İmam Nəvəvi isə bildirir ki, məzarın həddindən artıq ucaldılması və bəzədilməsi məkruhdur, hətta bəzi hallarda harama yaxın qiymətləndirilə bilər.

İmam Qəzali bu məsələyə daha dərin tərəfdən yanaşır. O, deyir ki, insanın qəbir üzərində qurduğu dəbdəbə əslində nəfsin gizli davamıdır. İnsan dünyadan getsə də, şöhrət hissi onun adına yaşadılır. Bu isə ixlas ruhuna ziddir. İbn Teymiyyə də qeyd edir ki, məzarların bəzədilməsi və onların xüsusi ziyarət obyektinə çevrilməsi zamanla şirkə aparan yolları aça bilər. Tarixdə bunun nümunələri çox olub.

Müasir alimlər də bu mövzuda eyni istiqamətdə danışırlar. Onlar bildirirlər ki, bu gün məzar daşlarının dəbdəbəli formaya salınması artıq dini çərçivədən çıxaraq sosial yarışa çevrilib. İnsanlar bir-biri ilə sanki ölünün üzərindən rəqabət aparır. Bu isə həm israfdır, həm də cəmiyyət üçün mənfi nümunədir. Hərçənd Peyğəmbər (s.ə.s) buyurur ki, “İnsan öldükdə əməli kəsilər, yalnız üç şey qalır: davam edən sədəqə, faydalı elm və ona dua edən övlad”.

Ə.Həsənov vurğulayır ki, elmi baxımdan da məsələyə baxanda maraqlı bir mənzərə ortaya çıxır. Psixologiyada sübut olunub ki, insan itkini qəbul etmək üçün görünüş, bəzək, cəlbedici vasitələrə ehtiyac duyur.

“Amma bu vasitələrin həddindən artıq böyüdülməsi sağalma prosesini uzada və insanı reallıqdan uzaqlaşdıra bilər. Sadə məzar isə daha çox qəbul və təslimiyyət hissini gücləndirir.

Bu baxımdan, təmtəraqlı məzar daşlarının məhdudlaşdırılması və ya müəyyən qaydalarla tənzimlənməsi İslamın ruhuna tam uyğundur. Hətta bəzi hallarda bu, zərurət kimi də qiymətləndirilə bilər. Çünki burada söhbət təkcə fərdi seçimdən yox, ümumi ictimai mədəniyyətdən gedir. Əgər bu sahə nəzarətsiz qalarsa, israf, təkəbbür və sosial bərabərsizlik daha da dərinləşər. Amma burada bir incə məqam var. Bu məsələyə sərt qadağa kimi deyil, maarifləndirmə yolu ilə yanaşmaq daha doğrudur. İnsanlara izah olunmalıdır ki, ölüyə ən böyük hörmət onun üçün edilən dua, verilən sədəqə və qoyub getdiyi yaxşı əməllərin davamıdır. Daşın böyüklüyü yox, əməlin böyüklüyü insanı yaşadır.

Belə anlaşılır ki, İslam dini sadə məzarı təşviq edir, dəbdəbəni isə xoş qarşılamır. Məzar daşlarının sadə olması və ya tənzimlənməsi addımları dini prinsiplərlə ziddiyyət təşkil etmir, əksinə, onların qorunmasına xidmət edir. Əsas məsələ budur ki, biz ölümü də dünyəvi yarışa çevirməməliyik. Çünki qəbir insanın son dayanacağıdır, nümayiş yeri deyil. Təssüf ki, bu gün qəbiristanlıqlarda standart ölçü təyin olunmadığı üçün insanlar imkanlarına görə necə gəldi qəbir daşlarını böyüdüb bahalı mərmərlərdən və qranitlərdən istifadə edirlər. Gələcəkdə bu məsələ müzakirə olunsa, qəbir yerlərinə sadə standart ölçülər təyin edilsə insanlar bu ölçülərə riayət edərlər. Bir çox ölkələrdə qəbiristanlıqlar, qəbir daşları standart formada eynidir. Ancaq bizdə hələ bu məsələ müzakirəyə çıxarılmır və hansısa ciddi tədbirlər görünmür. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ müzakirəyə çıxarılıb cəmiyyət üçün faydalı ölçü meyarları tətbiq edilə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
50
konkret.az

10Sources