EN

Elm və mərhəmət zirvəsi ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zərifə xanım Əliyeva bütün həyatını Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş, oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə tibb tariximizdə silinməz iz qoymuşdur. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, o, “İnsanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. Bu fikirlər Zərifə xanımın zəngin daxili aləmini və onun insanlara bəxş etdiyi mənəvi işığı aydın şəkildə ifadə edir.Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və oftalmoloqlardan biridir.

Zərifə Əliyevanın elmi fəaliyyətində traxoma xəstəliyinin yayılma səbəbləri, profilaktikası və müalicə üsulları geniş şəkildə araşdırılmışdır. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Məhz belə bir şəraitdə Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Yorulmaz tədqiqatçı Zərifə Əliyeva bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedərək xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Bununla yanaşı, Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsinə də böyük diqqət yetirmişdir. Qlaukoma göz daxili təzyiqin artması nəticəsində yaranaraq görmə sinirinin zədələnməsinə və nəticədə korluğa gətirib çıxaran təhlükəli xəstəlikdir. Alim bu sahədə apardığı tədqiqatlarla xəstəliyin erkən diaqnostikası və effektiv müalicə üsullarının inkişafına töhfə vermişdir. Onun elmi işləri qlaukomanın müxtəlif formalarının klinik xüsusiyyətlərinin daha dərindən anlaşılmasına imkan yaratmışdır.

Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamış, həm də praktik səhiyyə sahəsinə mühüm təsir göstərmişdir. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində bir çox göz xəstəliklərinin yayılmasının qarşısı alınmış, əhalinin göz sağlamlığı sahəsində maarifləndirilməsi gücləndirilmişdir. Onun elmi irsi bu gün də aktual olaraq qalır və müasir oftalmologiyanın inkişafına öz töhfəsini verməkdə davam edir.

Zərifə Əliyeva çoxşaxəli fəaliyyəti dövründə səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Beynəlxalq səviyyəli oftolmoloq-alimin rəhbərliyi altında Azərbaycanda gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmət və rəğbətini qazandırmışdır.

Akademik Zərifə Əliyeva təkcə Azərbaycan tibb elminin inkişafında deyil, həm də qadın ziyalılığının və elmə bağlılığın bariz nümunəsi kimi tariximizdə şərəfli yer tutmuşdur.

Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
sesqazeti.az

1Sources