EN

Bu gün şəhid Vüsal Rzayevin doğum günüdür

Rzayev Vüsal Tofiq oğlu 14 aprel 1996-cı ildə Şabran rayonunda anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 5N-li liseydə 1-ci sinfə gedib. Vüsal məktəb vaxtlarından idmanı sevmiş, güləşlə məşğul olmuşdur. 2015-ci ildə Bakı Peşə Liseyini bitirmişdir. Həmin ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Murovdağ zirvəsində davam etmişdir.

2015-ci ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub. Hərbi xidmətdə baş atıcı kimi fəaliyyət göstərib. Əsgərlik zamanı hər zaman nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Hərbi xidmət zamanı fəal döyüş qabiliyyəti göstərdiyinə görə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə alaraq hərbi xidməti fərqlənmə ilə başa vurub.
Hərbi xidməti dövründə bir dəfə ən yüksək postda (Koroğlu postunda)olan Vüsal gecə gələn erməni kəşfiyyatçılarını görür və tez komandirinə xəbər verir. Həmin gün Vüsalın sayəsində bir çox erməni kəşfiyyatçıları tutulur və buna görə komandiri tərəfindən təşəkkürnamə alır.

21.09.2020-ci il tarixində hərbi səfərbərliyə çağırılmışdır. 27.09.2020 tarixində hərbi hissədən Füzuli rayonunun Kürdmahmudlu kəndinə döyüşə getmişdir. Vətən müharibəsinin ilk günündən Rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqənin düşmən işğalından azad edilməsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 8-də düşmən tərəfindən mühasirəyə düşmüşdür. 3 gün mühasirədə ac-susuz qalmış, 11 oktyabrda mühasirədən çıxmışdır. 14 oktyabrda Aşağı Seyidəhmədli istiqamətində döyüşə qatılmış və həmin döyüşdə itkin düşmüşdür. 14 oktyabrdan 9 dekabra qədər haqqında heç bir məlumat alınmadığı üçün 50 gündən çox müddətdə itkin kimi axtarışa verilmişdir. 9 dekabrda ailəsinə şəhidlik xəbəri verilmişdir. 10 dekabr 2020-ci il tarixində "Zəfər paradı" günündə Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən "Dədə Qorqud" şəhidliyində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 24.06.2021 tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Chosen
46
qht.az

1Sources