EN

ABŞ-ın dəniz blokadasının İrana dəhşətli təsirləri

ABŞ-ın Hörmüz boğazını bloklamasının İran iqtisadiyyatını alt-üst edəcəyi, yaxud ticarətini tamamilə dayandıracağı haqda gözləntilər birmənalı deyil, xüsusilə alternativ yolların hələ də qalması fonunda.

Publika.az
xarici mediaya istinadən dəniz blokadasının İrana təsirlərini araşdırıb.

Blokada İranın neft ixracına necə təsir göstərir?

ABŞ-ın dənizdə “qırmızı xətti” haradan çəkdiyi və bu vəziyyətin nə qədər davam edəcəyi qeyri-müəyyən olduğu üçün təsirlər də bəlli deyil. Blokada bir neçə gün və ya iki-üç həftə davam edərsə, təsiri məhdud olacaq. Çünki İranın Oman körfəzindəki bir neçə tankerində 21 milyon barel neft saxlanılır, bu da ixracın 10 gündən iki həftəyə qədər davam etməsi deməkdir.

Blokada uzanarsa, İran neftin bir hissəsini Hörmüz boğazının şərqindəki Cask limanı vasitəsilə ixrac edə bilər. Bu limanın nominal gücü gündə təxminən 1 milyon bareldir. İranın bu limandan ixracı nə qədər artıracağı və blokadanı necə keçə biləcəyi isə məlum deyil.

ABŞ İran neftinin dəniz yolu ilə ixracını tamamilə dayandıra bilsə, bu, ölkə iqtisadiyyatının gündə təxminən 200-250 milyon dollar – ildə 70-90 milyard dollar itirməsi demək olacaq.

Blokada İranın qeyri-neft sektoruna necə təsir edə bilər?

Bu sektor daha çətin vəziyyətdədir. Gömrük statistikasına görə, İran ötən il 51 milyard dollar dəyərində 150 milyon ton mal ixrac edib. Bu malların yarısı qonşu olan 4 ölkəyə - İraq, BƏƏ, Türkiyə və Əfqanıstana ixrac edilir. İxracın bir hissəsi, xüsusilə qida məhsulları quru yolla həyata keçirilir. Lakin qeyri-neft ixracının əsas hissəsi, xüsusilə neft-kimya məhsulları, minerallar, metallar, kimyəvi gübrələr və s. əsasən Çin və Asiya ölkələrinə ixrac olunur.

İran ixracının bir hissəsini ölkənin cənub-şərqinə, Oman dənizi sahilində yerləşən Çabahar limanına köçürə bilər, lakin bu limanın nominal gücü ildə cəmi 8 milyon tondur. Statistikaya görə, bu gücün yarısı əvvəlki illərdə istifadə olunub. Bu baxımdan, liman Hörmüzün blokadasını kompensasiya etməyə yetərli deyil.

Blokada İranın idxalına necə təsir göstərəcək?

İranın illik 40 milyon tona yaxın idxalının 25 milyon tonu kənd təsərrüfatı məhsulları, qida, yağ və heyvan yemidir. Hansı malların blokadadan yayınacağı sual altındadır. Dəyər baxımından İranın idxalının təxminən 60 faizi Türkiyə və BƏƏ-dən gəlir. Bu müharibədən sonra BƏƏ ilə ticarət əlaqələrinin gələcəyi də qeyri-müəyyən olaraq qalıb. İran bəzi malları quru yolla Fars körfəzi ölkələrindən, yaxud Çabahar limanından idxal edə bilər. Hərçənd, ABŞ-ın bu limana girişi bağlaması riski də qalır.

Ümumiyyətlə avtomobil hissələrindən tutmuş məişət texnikasına və elektron məhsullara qədər hər şey İranın cənub limanlarından idxal olunur. Bu məhsulların qıtlaşması, bahalaşması, sənaye sahələrinin zərər görməsi təhlükəsi var. Bununla yanaşı, hər il İrandan təxminən 20 milyon ton mal tranzit yolu ilə daşınır, əsasən də Əfqanıstan və Mərkəzi Asiyaya. Bu mallar da əvvəlcə İran limanlarına daxil olur, sonra bu ölkələrə, yaxud əksinə göndərilir. Blokadanın bu prosesə nə dərəcədə təsir edəcəyi hələlik məlum deyil.

Blokadanın İran iqtisadiyyatına ümumi təsiri necə olacaq?

Blokada həftələr və aylarla davam edəcəksə, valyuta gəlirlərinin kəskin azalması büdcə kəsirinə və valyuta məzənnəsinin artmasına səbəb ola bilər. İranın ixrac gəlirləri ümumilikdə 100 milyard dollar azala bilər ki, bu da ölkədə ÜDM-nin dördə birinə bərabərdir.

Lakin blokada hərbi əməliyyatdır və İranın cavab tədbirləri də nəzərə alınmalıdır. Hörmüz boğazını qonşu gəmilər üçün bağlamaq, hətta hücumları bərpa etmək belə tədbirlər arasındadır. Eyni zamanda, dünya iqtisadiyyatına dəyəcək zərər də əsas amillərdəndir. Bu, İrana qarşı dəniz blokadasının uzunmüddətli olacağını sual altına salır.

Asif

Chosen
15
50
publika.az

10Sources