EN

Baş prokuror: Qloballaşan dünyada transmilli cinayətkarlıq ölkələrin sərhədlərini aşır

Bakı, 14 aprel, AZƏRTAC

Baş prokuror Kamran Əliyev və Çində işgüzar səfərdə olan İsveçrə Konfederasiyasının Baş prokuroru Stefan Blattle arasında ikitərəfli görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinə əvvəlki səfərini xüsusi məmnuniyyətlə xatırlayan Blattle göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, müşahidə etdiyi müsbət tendensiyaları vurğulayaraq ölkəmizin sürətli inkişafının, cinayətkarlığa qarşı uğurlu mübarizə siyasəti nəticəsində kriminogen vəziyyətin nəzarət altında olmasının və təhlükəsizliyin yüksək səviyyədə olmasının şahidi olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olan Azərbaycan sülh və sabit əməkdaşlıq platformasına çevrilib, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib.

Öz növbəsində Kamran Əliyev qeyd edib ki, qloballaşan dünyada transmilli cinayətkarlıq da ölkələrin sərhədlərini aşır. Bu baxımdan ölkələrimizin prokurorluq orqanları arasında birbaşa dialoq kanallarının olması vacibdir. Bununla yanaşı, o, prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin sıxlaşmasının hüquq sistemlərinin yaxınlaşması və təcrübi məsələlərin operativ həllinə töhfə verəcəyinə inamını ifadə edib.

Daha sonra görüşdə prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının genişləndirilməsi, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət törətmiş şəxslərin verilməsi məsələlərinin praktiki məqamları müzakirə edilib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti çinli həmkarının dəvəti əsasında bu ölkənin Şanxay şəhərində səfərdədir.

Chosen
14
3
azertag.az

10Sources