Azərbaycanın baş prokuroru Kamran Əliyev Çində İsveçrənin Baş prokuroru Stefan Blattle ilə iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığı müzakirə edib.
Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin çinli həmkarının dəvəti əsasında Çinin Şanxay şəhərinə səfəri çərçivəsində burada bir sıra görüşlər keçirir.
Görüş zamanı Bakı şəhərinə əvvəlki səfərini xüsusi məmnuniyyətlə xatırlayan İsveçrənin Baş prokuroru Stefan Blattle göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, müşahidə etdiyi müsbət tendensiyaları vurğulayaraq Azərbaycanın sürətli inkişafının, cinayətkarlığa qarşı uğurlu mübarizə siyasəti nəticəsində kriminogen vəziyyətin nəzarət altında olmasının və təhlükəsizliyin yüksək səviyyəsinin şahidi olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olan Azərbaycan sülh və sabit əməkdaşlıq platformasına çevrilib, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib.
Öz növbəsində, Kamran Əliyev qeyd edib ki, qloballaşan dünyada transmilli cinayətkarlıq da ölkələrin sərhədlərini aşır. Bu baxımdan, ölkələrin prokurorluq orqanları arasında birbaşa dialoq kanallarının olması vacibdir. Bununla yanaşı, o, prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin sıxlaşmasının hüquq sistemlərinin yaxınlaşması və təcrübi məsələlərin operativ həllinə töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının genişləndirilməsi, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət törətmiş şəxslərin verilməsi məsələlərinin praktiki məqamları müzakirə edilib.