EN

Adil Nəbiyev: “Sükan detallarında ucuz, sertifikatsız və mənşəyi bilinməyən hissələrin istifadəsi texniki baxışdan keçməmə ilə nəticələnə bilər”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Texniki baxışla bağlı yeni qanunlar qüvvəyə minib. Avtomobilin işıqlandırma sistemi, sükan mexanizmi və keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsinə dair yeni tələblər müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib. Bu dəyişikliklər texniki baxışın daha ciddi aparılmasına xidmət edəcək.

Sürücülər texniki baxışdan problemsiz keçmək üçün nələrə diqqət etməlidirlər?

Nəqliyyat məsələləri üzə ekspert Adil Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avtomobildə istifadə olunan ehtiyat hissələrinin keyfiyyəti artıq daha ciddi nəzarətdədir: “Yeni tələblərə əsasən texniki baxışın daha sərt və detallı aparılması sürücülərdən avtomobilə yanaşmada daha məsuliyyətli olmağı tələb edir və bu baxımdan ilk növbədə işıqlandırma sistemi tam standartlara uyğun vəziyyətdə olmalıdır – faraların işıq bucağı düzgün tənzimlənməli, qarşıdan gələn sürücüləri kor edən və ya normadan artıq gücə malik qeyri-standart LED və ksenon lampalardan istifadə edilməməli, dönmə siqnalları, stop işıqları, geri hərəkət işıqları və nömrə işıqlandırması tam işlək vəziyyətdə saxlanılmalıdır, çünki bu elementlər yol hərəkəti təhlükəsizliyinin əsas hissəsidir. Eyni zamanda sükan mexanizmi xüsusi diqqət tələb edir, burada hər hansı boşluq, səs, titrəmə və ya gec reaksiya texniki nasazlıq kimi qiymətləndirilir və bu cür problemlər təkcə baxışdan keçməyə mane olmur, həm də real qəza riskini artırır, buna görə sükan sistemi vaxtında diaqnostika olunmalı və nasaz hissələr dəyişdirilməlidir.

Avtomobildə istifadə olunan ehtiyat hissələrinin keyfiyyəti də artıq daha ciddi nəzarətdədir və xüsusilə əyləc sistemi, asqı elementləri və sükan detallarında ucuz, sertifikatsız və mənşəyi bilinməyən hissələrin istifadəsi texniki baxışdan keçməmə ilə nəticələnə bilər, çünki bu cür detallar istismar zamanı gözlənilməz nasazlıqlara səbəb olur; bununla yanaşı şinlərin protektor dərinliyi normativə uyğun olmalı, təkərlərdə qeyri-bərabər aşınma və ya zədələnmə olmamalıdır. Əyləc sistemi effektiv işləməli, avtomobil dayandırıldıqda sürüşmə və ya gec reaksiya verməməlidir, təhlükəsizlik kəmərləri tam işlək vəziyyətdə olmalı və kilidləmə mexanizmi problemsiz fəaliyyət göstərməlidir, yan və arxa güzgülər qırıq və ya deformasiyaya uğramış olmamalı, ön şüşədə isə sürücünün baxış bucağına mane olan çat və ya zədələr olmamalıdır”.

Adil Nəbiyev vurğulayıb ki, əlavə olaraq son dövrlərdə texniki baxış zamanı ekoloji göstəricilərə də daha çox diqqət yetirilir: “Yəni avtomobilin egzoz sistemi normadan artıq tüstü və ya zərərli qaz buraxmamalıdır, mühərrikdə yağ sızmaları və digər texniki qüsurlar aradan qaldırılmalıdır, çünki bu amillər həm ətraf mühitə, həm də avtomobilin ümumi texniki vəziyyətinə birbaşa təsir edir; nəticə etibarilə sürücülər texniki baxışı sadəcə formal prosedur kimi deyil, avtomobilin ümumi təhlükəsizlik auditinin bir mərhələsi kimi qəbul etməlidir. Baxışa getməzdən əvvəl kompleks yoxlama aparmalı və aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmalıdırlar ki, həm əlavə xərclərdən yayınsınlar, həm də yolda özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmiş olsunlar”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
28
bizimyol.info

10Sources