EN

İranı tam çökdürmək PLANI

“Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazı ətrafında mümkün dəniz blokadası ssenarisi İran iqtisadiyyatı üçün ciddi risklər yaradır”. 

Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov “Cebheinfo.az” – a şərhində ABŞ-nin İranı dənizdən blokadaya almaq strategiyasının Tehran üzərində iqtisadi nəticələri barədə fikirlərini bölüşərkən bildirib. 

O qeyd edib ki, belə bir blokada gündəlik olaraq ölkə iqtisadiyyatına təxminən 450-500 milyon dollar zərər vura bilər.

“Bunun 290-300 milyon dolları ixrac gəlirlərinin azalması, 150-200 milyon dolları isə idxalın pozulması ilə bağlıdır. 

Əsas zərbə enerji sektoruna dəyəcək. İranın gündəlik təxminən 1,5 milyon barel neft ixracının məhdudlaşması dövlət büdcəsinə və valyuta daxilolmalarına ciddi təsir göstərə bilər. Bununla yanaşı, neft-kimya məhsulları və Fars körfəzi limanlarından asılı olan digər idxal-ixrac əməliyyatlarının dayanması təchizat zəncirində qırılmalara səbəb olacaq”. 

A.İbrahimov vurğulayıb ki, valyuta axınının zəifləməsi milli valyutanın dəyərdən düşməsini sürətləndirəcək, inflyasiya təzyiqlərini artıracaq və sosial-iqtisadi sabitliyi sarsıdacaq.

“Bu ssenari qısa müddətdə bazarlarda təşviş, orta müddətdə isə iqtisadi daralma və sosial gərginlik risklərini yüksəldir. 

Zənnimcə, belə olduğu halda İran iqtisadiyyatının tam çökməsi qaçılmaz deyil. Ölkə uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyindən alternativ ticarət kanalları və qeyri-rəsmi ixrac mexanizmləri formalaşdırıb. 

Xüsusilə Çin kimi tərəfdaşlara yönələn dolayı ixrac, eləcə də Türkiyə, İraq və Pakistan ilə quru ticarət əlaqələri iqtisadi təcridin təsirini qismən yumşalda bilər”. 

Ekspertin fikrincə, belə bir blokada yalnız regional deyil, qlobal iqtisadi risklər də yaradır; “ABŞ tərəfindən bu tip addımın atılması beynəlxalq enerji bazarlarında qiymət artımına və tədarük qeyri-müəyyənliyinə səbəb ola bilər və nəticədə dəniz blokadası İran iqtisadiyyatına ciddi zərbə vura və sosial-iqtisadi sabitliyi təhdid edə bilər. Lakin mövcud adaptasiya imkanları və alternativ kanallar ölkənin tam iqtisadi çökməsinin qarşısını müəyyən dərəcədə ala bilər”. 

Chosen
12
1
cebheinfo.az

2Sources