EN

“Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi” Sonuncu iclas

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Bakıda keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans başa çatıb.

AZƏRTAC xəbər verir ki, AQEM Katibliyinin eksperti İsmet Cahanın moderatorluğu ilə keçirilən sonuncu panel iclasda “Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi” mövzusu müzakirə olunub.

Monqolustanın Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Munkhzul Lxaqvasuren qadın liderliyinin ətraf mühitin qorunması sahəsində mühüm rol oynadığına diqqət çəkib: “Onlar icmalar səviyyəsində ekoloji maarifləndirməni gücləndirirlər. Qadınların qərarvermə proseslərində iştirakı iqlim dəyişikliklərinə qarşı daha effektiv və ədalətli həllərin hazırlanmasına imkan yaradır”, - deyə monqolustanlı nümayəndə bildirib.

Kamboca Krallığının Qadın İşləri Nazirliyinin dövlət katibi Man Chinda çıxışında gender bərabərliyinin təmin edilməsinin dayanıqlı inkişaf və sosial ədalət üçün əsas şərt olduğunu bildirib. Həmçinin qadınların iqtisadi imkanlara çıxışının genişləndirilməsinin yoxsulluğun azaldılmasına töhfə verəcəyini qeyd edib. O, dövlət və beynəlxalq əməkdaşlığın bu sahədə mühüm rol oynadığını diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Ümayra Tağıyeva qeyd edib ki, gender balansının gücləndirilməsi siyasətin mühüm tərkib hissəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumilikdə 1265 qadın əməkdaş çalışır, onlardan 62-si rəhbər vəzifələrdə təmsil olunur. Bu göstəricilər qadınların ekoloji siyasətdə artan rolunun bariz nümunəsidir. Həmçinin nazirlik yanında fəaliyyət göstərən Ekoloji Şurada da qadınlar təmsil olunur, ekokönüllülərin isə əksəriyyətini məhz qadınlar təşkil edir.

Qazaxıstan Respublikası Parlament Senatının Sosial, mədəni inkişaf və elm komitəsinin üzvü Asem Raxmetova sosial və mədəni inkişafın dayanıqlı cəmiyyət quruculuğunda əsas rol oynadığını vurğulayıb. O, elm və təhsilin gücləndirilməsinin ölkənin innovativ inkişafı üçün vacib olduğunu qeyd edib.

Daşkənd şəhər merinin müavini və Özbəkistanın Ailə və Qadınlar üzrə Departamentinin rəhbəri Şaxnoza Sultanova ailə institutunun gücləndirilməsinin və qadınların sosial müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

COP 29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai qeyri-sabitlik və münaqişələrlə dolu bir dövrün xüsusilə qadınlara daha çox təsir etdiyinə diqqət çəkib. O vurğulayıb ki, buna baxmayaraq, müxtəlif ölkələrdə qadınların səlahiyyətləndirilməsi və gələcəyə yönəlik rolunun gücləndirilməsi istiqamətində müsbət addımlar atılır. Uzun illərdir ki, Azərbaycan bu dinamika üzrə müsbət irəliləyiş nümayiş etdirir.

Panel iclas müzakirələrlə davam edib.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov

Fotoqraf-Azər İbrahimov

Operator-İlham Nadirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
azertag.az

1Sources