ain.az, Azertag portalına istinadən məlumat verir.
Şəki, 14 aprel, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə futzal üzrə “Şəki kuboku – 2026” turnirinə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 18 komanda 4 qrupda mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Açılış mərasimində YAP rayon təşkilatının sədri Daşqın Mikayılov və şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ulu Öndərin irsini təbliğ etmək, eyni zamanda, müəssisə və təşkilatlarda çalışanlar arasında əməkdaşlığı daha da inkişaf etdirmək və idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.
Turnirin açılış oyunu “Marxal” və “Məhkəmə” komandaları arasında keçirilib. Oyun “Marxal” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Müxbir – Mustafa Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.