EN

Psixoloq: “Neqativ təcrübə yaşayan insanlar cəmiyyətdə “psixoloqa getməyə dəyməz”, “onsuz da faydası yoxdur” kimi stereotiplər formalaşdırır”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Psixologiya sahəsinə marağın artması ilə yanaşı, peşəkar olmayan psixoloqların fəaliyyəti də cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bu barədə insanlar arasında “peşəkar olmayan psixoloqlar cəmiyyəti pozur” deyə fikirlər yayılıb. Belə ki, həddindən artıq xarici görünüşə, dəbdəbəyə önəm verən, etik koteksləri pozan psixoloqlar bu sahənin nüfuzuna mənfi təsir göstərir.Belə olduğu halda, peşəkar olmayan və etik qaydalara əməl etməyən psixoloqların insanlara psixoloji baxımdan təsiri necə olur?İnsanlarda psixoloqa özgüvənsizlik və sirlərini bölüşməmək kimi problemlərə yol aça bilərmi?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, psixologiya sahəsi digər xidmət sahələrindən fərqli olaraq insanın ən həssas nöqtələri ilə işləyir: “Bu məsələ əslində yalnız bir peşə daxilində problem deyil, daha geniş mənada cəmiyyətin psixoloji sağlamlığı və etimad mühitinin formalaşması ilə bağlıdır. Son illərdə psixologiyaya marağın artması müsbət haldır, çünki insanlar artıq emosional rifahın, psixoloji dəstəyin əhəmiyyətini daha yaxşı anlayırlar. Amma paralel olaraq bu sahədə peşəkar standartlara uyğun fəaliyyət göstərməyən şəxslərin çoxalması ciddi risklər yaradır və bu risklər həm fərdi, həm də ictimai səviyyədə özünü göstərir. Peşəkar olmayan və etik qaydalara əməl etməyən şəxslərin psixoloji xidmət göstərməsi ilk növbədə insanın daxili dünyasına müdaxilə deməkdir. Psixologiya sahəsi digər xidmət sahələrindən fərqli olaraq insanın ən həssas nöqtələri ilə işləyir – travmalar, qorxular, münasibətlər, özünə dəyər hissi. Bu sahədə yanlış yanaşma sadəcə faydasız olmur, bəzən zərərli nəticələrə gətirib çıxarır. Yanlış diaqnostika, elmi əsaslandırılmamış “məsləhətlər”, manipulyativ yanaşmalar və ya qeyri-peşəkar emosional müdaxilə insanın vəziyyətini daha da ağırlaşdıra bilər. Xüsusilə depressiya, təşviş pozuntuları və ya travma yaşayan şəxslər üçün bu, vəziyyətin xronikləşməsi və ya dərinləşməsi ilə nəticələnə bilər. Bununla yanaşı, etik pozuntular məsələsi xüsusi vurğulanmalıdır. Psixoloq–müraciət edən münasibəti etimad üzərində qurulur. Əgər bu münasibətdə məxfilik pozulursa, şəxsi məlumatlar paylaşılırsa və ya psixoloq öz rolunu sui-istifadə edərək təsir mexanizmlərindən istifadə edirsə, bu artıq yalnız peşə problemi deyil, psixoloji travma yaradan bir amilə çevrilir. Belə hallarda insanlar özlərini təhlükəsiz hiss etmirlər və bu təcrübə onların gələcəkdə peşəkar dəstəyə müraciət etməsinə mane olur. Bu kontekstdə ən ciddi nəticələrdən biri psixologiya sahəsinə qarşı ümumi etimadın azalmasıdır. Bir neçə neqativ təcrübə yaşayan insanlar bunu ümumiləşdirərək bütün psixoloqlara şamil edirlər. Nəticədə cəmiyyətdə “psixoloqa getməyə dəyməz”, “onsuz da faydası yoxdur” kimi stereotiplər formalaşır. Bu isə artıq daha geniş sosial problemə çevrilir, çünki psixoloji xidmətə real ehtiyacı olan insanlar yardım almaqdan çəkinir, problemlər isə vaxtında həll olunmadığı üçün dərinləşir”.

Elnur Rüstəmov vurğulayıb ki, qeyri-peşəkar şəxslərin fəaliyyəti təkcə ayrı-ayrı insanlara deyil, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığına təsir göstərir: “Digər mühüm məqam ondan ibarətdir ki, qeyri-peşəkar fəaliyyət sahənin nüfuzuna zərbə vurur. Psixologiya elmi uzun illərin tədqiqatlarına, sübuta əsaslanan metodlara və ciddi etik kodekslərə söykənir. Bu sahə vizual görüntü, sosial şəbəkə populyarlığı və ya səthi motivasiya çıxışları ilə ölçülə bilməz. Əgər cəmiyyət bu fərqi ayırd edə bilmirsə, o zaman psixologiya elmi də yanlış təqdim olunur və dəyərsizləşdirilir. Bütün bunları nəzərə alaraq, burada həll yolu yalnız tənqid deyil, sistemli yanaşmadır. Bir tərəfdən cəmiyyət maarifləndirilməlidir ki, insanlar psixoloq seçərkən hansı meyarlara diqqət etməlidir, digər tərəfdən isə peşəkar standartların qorunması üçün institusional nəzarət və tənzimləmə mexanizmləri gücləndirilməlidir. Eyni zamanda bu sahədə çalışan peşəkarlar da öz fəaliyyətləri ilə etimadı bərpa etməli, elmi yanaşmanı, etik davranışı və məsuliyyəti ön planda saxlamalıdır. Əslində, qeyri-peşəkar və etik normalara əməl etməyən şəxslərin fəaliyyəti təkcə ayrı-ayrı insanlara deyil, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığına təsir göstərir. Bu, insanların psixoloqa olan güvənini sarsıda, onların öz problemlərini paylaşmaqdan çəkinməsinə səbəb ola və nəticədə psixoloji dəstəyə çıxışı məhdudlaşdıra bilər. Ona görə də bu məsələ həm peşə daxilində, həm də ictimai səviyyədə ciddi və sistemli şəkildə yanaşılmalı olan bir mövzudur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
bizimyol.info

1Sources