EN

MİLYONLARA SEVİNC BƏXŞ EDƏN BÖYÜK ÜRƏK SAHİBİ

Uşağı sevindirmək üçün üzünə baxıb gülümsəmək, yaxud əlinə bir konfet və ya oyuncaq vermək bəs edir.

Hər iki halda uşaq da gülümsəməklə, yaxud özünəməxsus tərzdə bu jestə başqa bir formada cavab verir.

Uşağı, xüsusən özgə uşağını sevindirmək səmimiyyət nişanəsi, qəlb genişliyi əlamətidir.

Uşaq bunları şüurlu şəkildə qavramasa da, sövq-təbii ilə sənin ona xeyirxah münasibətini dərk edir, borclu qalmaq istəmir.

Uşağın bir xüsusiyyəti də istəyini açıq şəkildə, özünəməxsus tərzdə bildirməsidir.

Bəzən valideynlər onun istəyinin qarşısını almağa, başqa səmtə yönəltməyə çalışsalar da, onu nə aldatmaq, nə də fikrini dəyişmək olur.

Dediyinin üstündə duraraq, istədiyini təkidlə tələb edir.

Yoxsa o, uşaq olmazdı!

Uşağın bu hiylədən uzaq, təbii davranışını anlayıb qiymətləndirmək isə bir özgə istedaddır.

İstedad isə hər insanda olmur.

***

Bu günlərdə Azərbaycan xalqı analoqu olmayan bir hadisənin şahidinə çevrildi.

Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən çox səfər etdiyi ünvan özünün işğaldan azad etdiyi Qarabağ bölgəsidir.

Hər səfərində dövlət başçısı Böyük qayıdışla bağlı yeni bir obyektin təməlini qoyur, inşası başa çatan hər hansı bir tikilinin açılışını edir, uzun həsrətdən sonra doğma yurda dönərək dövlətin onlar üçün tikib təmir etdiyi mənzillərə köçən keçmiş məcburi köçkünlərlə görüşür, onların "açarvermə" mərasimində iştirak edir, ürək sözlərini söyləyir, ünsiyyət qurur.

Belə səfərlərində Prezidentimiz bəzən yeni evə və ya mənzilə köçənlərə qonaq da gedir, onların mənzil-məişət şəraiti ilə yerində tanış olur, hərdənbir süfrə arxasında əyləşərək çay da içir.

Belə görüşlər öz səmimiliyi və təbiiliyi ilə daha yaddaqalan olur.

Qarabağa son səfərində cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xocavənd rayonunun Xanoba kəndində yeni evə köçən keçmiş məcburi köçkün ailəsinə də baş çəkdi.

Ailənin kiçikyaşlı övladı Ayazla dövlət başçısının və birinci xanımın isti münasibəti, maraqlı mükaliməsi yaddaşlara əbədi həkk olundu.

"Kamaz" sürücüsünün övladı Ayazın maşına xüsusi marağını duyan cənab İlham Əliyev onu öz maşınının sükanı arxasında əyləşdirərək: 

- Bu maşından xoşun gəlirmi? - deyə soruşduqda Ayaz uşaq təbiiliyi ilə istəyini dövlət başçısına bildirdi:

- Yox, mən qırmızı "Kamaz" istəyirəm.

Uşağın bu istəyi hər iki ali qonaqda səmimi bir gülüş doğurdu.

Bir neçə gündən sonra isə heç kəsin gözləmədiyi və ağlına belə gətirmədiyi bir hadisə baş verdi.

Cənab İlham Əliyev Ayaza hədiyyə olaraq bir qırmızı "Kamaz" göndərdi!

Təkcə bu ailənin deyil, heç kəsin unutmayacağı bir hadisədir!

Həm də bu faktın arxasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük ürək və səxavət sahibi olması, hər bir Azərbaycan vətəndaşının istək və arzusuna böyük diqqətlə yanaşması, insanları sevindirməkdən zövq duyması və bunu qəlb genişliyi ilə etməsi də aydın görünür!

Ən əsası isə budur ki, İlham Əliyev milyonların istək və arzularını gerçəkləşdirməklə onlara unudulmayan, əbədi xatırlanan sevinc bəxş etməyi də məharətlə bacarır.

Belə faktlar isə saysız-hesabsızdır...

***

Azərbaycan tarixində böyük səxavət sahibləri çox olub.

Onlar insanlara təmənnasız xeyirxahlıqlar edərək həyatlarını yaxşılığa doğru büsbütün dəyişmişlər.

Hacı Zeynalabdin Tağıyev yaddaşlarda böyük xeyriyyəçi, səxavətli insan, millətin təhsilinə şəxsi vəsaiti hesabına töhfələr verən mesenat kimi qalıb.

İnsanların həyatına işıq saçan insanlar arasında Ulu Öndər Heydər Əliyevin xüsusi yeri vardır.

Azərbaycana rəhbərliyinin hər iki dövründə bu istiqamətdə onun gördüyü işlər çoxcəhətli və çoxşaxəli olmuşdur:

* Sovet hakimiyyəti illərində şəxsi nüfuzundan istifadə edərək ittifaq büdcəsindən ölkəmizə daha çox vəsait ayrılmasına nail olmuş, dövlət hesabına maliyyələşən bir çox nəhəng fabrik və zavodun Azərbaycanda inşasını təmin etmişdir.

* Kimya, neft-kimya, neft-maşınqayırma istehsalat müəssisələri, Bakıda Dərin Özüllər Zavodu Məişət Kondisionerləri Zavodu, bölgələrdə şərab emalı müəssisələri yaradılması yüksək məvacibli iş yerlərinin açılmasına, respublikada son məhsulun istehsalının artmasına imkan yaratmışdır.

* Aqrar sahənin inkişafı sayəsində kənd təsərrüfatı yüksəlmiş, yeni kəndlər və qəsəbələr salınmış, insanlar özlərinə yeni evlər tikmiş, təzə mənzillərə köçmüş, Azərbaycan kəndinin siması, kəndlinin məişəti büsbütün dəyişmişdir.

* Ulu Öndərin rəhbərliyi dövründə yeni ali məktəblər açılmış, fəhlə fakültələri yaradılaraq sadə ailələrin övladlarının ali təhsil almalarına şərait yaradılmış, minlərlə azərbaycanlı gənc dövlət hesabına SSRİ-nin müxtəlif şəhərlərindəki təhsil ocaqlarında nadir ixtisaslara yiyələnərək xoşbəxt gələcəklərini qurmuşlar.

* Ulu Öndər Heydər Əliyev ölkəyə yeni rəhbərliyi dövründə belə xeyirxah əməllərini davam etdirmiş, xidməti olan insanları Prezident təqaüdü ilə təmin edərək çətinlikdən qurtarmışdır.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev daha irəli getmişdir.

Bu yolda onun dəstəkçisi həm də Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva olmuşdur.

İlham Əliyevin xalqa şərəf, rahatlıq və firavanlıq gətirən əməllərinin sayı-hesabı yoxdur!

* İlham Əliyev Müzəffər Ali Baş Komandan olaraq 44 gün ərzində düşmən ordusunu məhv edərək torpaqlarımızı işğaldan azad etmiş, daha sonra antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünün, dövlət suverenliyinin təmininə nail olmuş, Azərbaycan xalqına böyük sevinc və şərəf gətirən qələbə qazandırmışdır.

* Məhz İlham Əliyevin "dəmir yumruğ"u sayəsində Azərbaycan xalqı qalib xalqa, Azərbaycan dövləti qalib dövlətə çevrilmiş, ölkə ərazisində terrorçuluğun və separatizmin kökü birdəfəlik kəsilmişdir.

İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağda və Şərqi Zəngəzurda nəhəng bərpa və quruculuq işləri görülür, yeni yaşayış məntəqələri salınır, müvafiq infrastruktur yaradılır.

Uzun illər Vətən həsrətilə əzab çəkən, bəzən çətin şəraitdə yaşayan keçmiş məcburi köçkünlər geri qayıdaraq dövlətin onlara ərməğan etdiyi evlərdə və mənzillərdə sevinc və xoşbəxtlik dolu günlərə qovuşurlar. 

İlham Əliyevin səxavət və xeyirxahlıqlarının sayı bilinmir:

* Azərbaycan tarixində ən çox məscid tikən və dağıdılmış məscidləri bərpa edən İlham Əliyevdir.

* Şəhid ailələrinə, müharibə əlillərinə ən böyük diqqət göstərən, ehtiyacı olanları reabilitasiya etdirən, müasir protezlərlə təmin etdirən İlham Əliyevdir.

* İlham Əliyev və Mehriban xanım Əliyeva əl-ələ verərək yeni uşaq evləri açmış, kimsəsiz uşaqları oraya cəlb etmiş, təhsil və tərbiyələrini təmin etmiş, sosial evlər yaradaraq belə insanların həyatlarının sonrakı dövrlərində onların yeni mənzillə və işlə təmin edilməsinin əsasını qoymuşlar.

* Yüzlərlə Azərbaycan ziyalısı və sənət adamı onların diqqət və qayğısı sayəsində ölkə daxilində və xaricdə müalicə olunaraq yenidən normal həyata qayıtmışlar.

* Minlərlə gənc dövlət proqramı əsasında və dövlət hesabına xaricdə təhsil alaraq gərəkli ixtisaslara yiyələnirlər.

* Yüksək balla ölkədəki ali məktəblərə daxil olan gənclərin hər il böyük bir qrupu İlham Əliyev tərəfindən dövlət təqaüdünə layiq görülür.

* Qocalar evində yaşayanlar da daim diqqətdə saxlanılır, hər bir qayğıları Heydər Əliyev Fondu tərəfindən qarşılanır.

* İlham Əliyev gənc idmançılara xüsusi qayğı göstərir, ən yüksək nəticələr göstərərək Azərbaycan bayrağını yüksəldənləri pul mükafatları, təqaüdlər və mənzillərlə təmin edir.

* Əslində, dövləti daim inkişaf etdirmək, sülhü qorumaq və yaşatmaq, yeni iş yerləri yaratmaq, xalqın sosial rifahını dayanmadan yüksəltmək hər bir Azərbaycan vətəndaşına göstərilən daimi diqqət və qayğıdır!

Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verən cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə öz vədinə sadiq qalmağı uğurla bacarıb.

***

İlk dəfə prezidentliyə namizədliyini irəli sürəndə cənab İlham Əliyev açıq şəkildə bəyan etmişdi:

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!"

Zaman göstərdi ki, İlham Əliyev bu açıqlamasını seçkiqabağı vəd kimi verməyib, öz fəaliyyətinin başlıca prinsipi kimi müəyyənləşdirib.

Onun Azərbaycana rəhbərlik etdiyi 23 il ərzində daim bunun şahidinə çevrildik.

* Cənab İlham Əliyev daim Azərbaycanı inkişaf etdirdi!

* Daim ölkənin iqtisadi imkanlarını artırdı!

* Daim xalqın sosial rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxladı!

İmkan yarandıqca hər bir ölkə vətəndaşının istəyinin gerçəkləşməsinə dəstəyini göstərdi, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsi üçün yorulmadan əməli addımlar atdı!

Bütün bu yüksəlişi, yenilənmə və dəyişiklikləri hər bir ölkə vətəndaşı zaman-zaman öz həyatında, gündəlik məişətində, güzəranında aydın hiss etdi!

Cəmiyyətin bütün təbəqələri - uşaqlar, yeniyetmələr, gənclər, qocalar dövlətin yaratdığı şəraitdən müvafiq qaydada bəhrələnirlər.

Bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin onun yanında olduğunu görür, dövlət başçısının daimi qayğısını hiss edir, ardıcıl baş verən müsbət dəyişikliklərdən razı qalır...

Yaşından, cinsindən, sosial mənsubiyyətindən, çalışdığı sahədən asılı olmayaraq.

Vətəndaş məmnunluğu, vətəndaş sevinci və sevgisi də elə budur!

Bəxtiyar SADIQOV

Chosen
22
40
azerbaijan-news.az

10Sources