AZ

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Ötən əsrlərdə yaşanan bir sıra tarixi hadisələr bu gün də dünyanın geosiyasi mənzərəsinə öz təsirini davam etdirməkdədir. İki dünya müharibəsi, böyük imperiyaların dağılması, yeni müstəqil dövlətlərin ortaya çıxması, iqtisadi proseslərin liberal dəyərlər üzərində qurulması və sairi günümüzün siyasi-iqtisadi xəritəsini ortaya çıxaran əsas olaylar kimi sadalamaq olar. Şübhəsiz, XXI əsrin dörddə birində yaşananlar da bu yüzilliyin gələcəyini şəkilləndirən proseslərin başlanğıcı hesab edilə bilər. Xüsusilə Cənubi Qafqazda baş verənlər, güc balansının mütəmadi olaraq dəyişməsi və daimi aktivlik dünyanın diqqətinin regionda cəmləşməsinə yol açır. Çoxilllik işğal dövrü yaşayan Azərbaycanın sözügedən mürəkkəb siyasi və iqtisadi şəraitdə dünyanın əsas enerji qovşağına çevrilməsi və əldə edilən gəlirlərin əhalinin rifahının artırılması ilə yanaşı, müdafiə sahəsinə yönəldilməsi, qlobal arenada təklənməsinə, haqsızlıqlara məruz qalmasına baxmayaraq, yüksələn xətlə inkişaf edən dövlət halına gəlməsi və bunu bütün dünyaya qəbul etdirməsi Azərbaycanı dünyada söz sahibinə çevirdi. Bu uzaqgörən və təmkinli siyasət nəticəsində bütün siyasi dialoq vasitələri tükəndiyi, düşmənin təxribatlarının artdığı bir vaxtda - 2020-ci ilin sentyabrında Azərbaycan 30 illik işğala son qoyacaq hərbi əməliyyatları başladaraq ədalət tərəzisini tarazlaşdırdı və bütün dünyaya öz prinsipial mövqeyini nümayiş etdirərək göstərdi ki, haqq əyilər, ancaq üzülməz. Eyni zamanda, zəfərlə taclanan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmizin regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış etməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən misilsiz bərpa və quruculuq işləri ilə yanaşı, milli maraqlara söykənən müstəqil xarici siyasət kursunu qətiyyətlə davam etdirməsi, beynəlxalq hüququn norma və prinsiplərini hər zaman uca tutaraq ədaləti təkbaşına bərpa etməsi Azərbaycanın müasir dünya nizamında sarsılmaz nüfuzunu və liderlik statusunu daha da möhkəmləndirdi. Böyük güclərin hər cür təxribatlarına, prosesə mane olma cəhdlərinə baxmayaraq, Azərbaycan bunu etdi. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesi isə bu günədək görünməmiş sürətdə həyata keçirilməyə başlandı. Azad edilmiş ərazilərin dirçəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən genişmiqyaslı layihələrə start verildi, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat şəbəkəsinin - magistral yolların, dəmir yollarının və hava limanlarının qurulması istiqamətində mühüm nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin bu ərazilərdə iştirak etdiyi hər bir yeni təməlqoyma mərasimi bərpa prosesinin ardıcıl və qətiyyətli addımlarla irəlilədiyinin əyani göstəricisidir. Bütün bunlar işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının təsdiq edilməsi ilə həyata keçirildi və proses indi də davam edir. Prezident İlham Əliyev Füzuli şəhərində təməlqoyma mərasimində
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında işğaldan qurtarılmış rayonlarda kompleks yenidənqurma və inkişaf prosesi uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişi fonunda minlərlə vətəndaşımız ata-baba yurdlarına geri dönür ki, bu da regionda sosial-iqtisadi həyatın tam bərpasını təmin edir. Azərbaycan xalqı üçün zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonrakı dövr təkcə torpaqlarımızın geri qaytarılması deyil, həm də o yerlərin yenidən dirçəldilməsi və illərdir yurd həsrəti çəkən insanların evlərinə dönməsi ilə yadda qalır. Məhz buna görə də Böyük Qayıdışın nə demək olduğunu cəmiyyətin hər bir üzvünün düzgün anlaması və bu prosesə dəstək verməsi çox önəmlidir. Bu proqrama görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma təmin olunmalıdır. Son statistikaya əsasən, hələ ki azad edilmiş ərazilərdə 50 min nəfərdən çox insan məskunlaşıb. Bu rəqəmin artması qayıdışı dəstəkləyən maarifləndirmədən də asılıdır. Böyük Qayıdış proqramı sadəcə yaraların sarılması deyil, həm də illərlə doğma sakainlərə həsrət qalmış yurda yeni nəfəsin verilməsidir. Böyük Qayıdış strategiyası Azərbaycan xalqı üçün sadəcə rəsmi fəaliyyət planı deyil, həm də uzunmüddətli yurd həsrətinin sona çatması deməkdir. Ərazilər azad edildikdən sonra məcburi köçkünlərin doğma ocaqlarına yerləşdirilməsi, bölgədə sosial-iqtisadi canlanmanın təmin edilməsi və mülki həyatın bərpası dövlətin hazırkı strateji hədəflərinin mərkəzində dayanır. Yenidənqurma prosesində tətbiq olunan layihələr dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. Bölgədə qurulan yeni yaşayış məskənlərində “ağıllı” texnologiyaların tətbiqi sadəcə rahatlığı artırmaq deyil, həm də ekoloji balansı qorumaq və resurs idarəçiliyini optimallaşdırmaq məqsədi daşıyır. Bu, Azərbaycanın bərpa işlərində müasir ekosistem yaratmaq əzmini nümayiş etdirir. Zəngilan rayonunun Ağalı kəndi
Böyük Qayıdış prosesində əhalinin məskunlaşması yalnız mənzil təminatı ilə məhdudlaşmır; burada sosial-iqtisadi ekosistemin qurulması əsas hədəfdir. Dövlət tərəfindən müasir təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inşasına xüsusi önəm verilməsi vətəndaşların yüksək həyat standartlarına sahib olmasını təmin edir. Paralel olaraq, aqrar sektorun və sahibkarlığın stimullaşdırılması vasitəsilə yeni iş yerlərinin açılması bölgədəki iqtisadi canlanmanı sürətləndirir ki, bu da sakinlərin doğma yurdlarında uzunmüddətli və sabit yaşayışına zəmin yaradır. Bu çərçivədə investisiya axınını təşviq etmək və istehsal potensialını artırmaq məqsədilə sahibkarlara xüsusi vergi güzəştləri, imtiyazlar və digər kompleks dəstək mexanizmləri tətbiq edilir ki, bu da birbaşa əhalinin rifahının yüksəlməsinə xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda icra olunan sistemli və böyük həcmli layihələr bu regionların sürətli reabilitasiyasına, eləcə də əhalinin burada daimi məskunlaşaraq iqtisadi proseslərdə fəal iştirakına hədəflənib. Atılan bu addımlar sözügedən ərazilərin gələcəkdə ölkənin ən qabaqcıl və inkişaf etmiş bölgələrinə çevrilməsi üçün etibarlı zəmin formalaşdırır. Böyük Qayıdış çərçivəsində ətraf mühitin mühafizəsi və bərpa olunan enerji resurslarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib. Regionun enerji balansında ekoloji cəhətdən təmiz mənbələrə üstünlük verilməsi ölkəmizin beynəlxalq ekoloji öhdəlikləri ilə tam üst-üstə düşür. Bu yanaşma işğaldan azad olunmuş rayonların yalnız fiziki bərpasını deyil, həm də onların dünyada nümunəvi, ekoloji təmiz bir bölgə kimi tanınmasını hədəfləyir. Laçında günəş enerjisi ilə təmin olunmuş evlərBöyük Qayıdışın cəmiyyət üçün mənəvi yükü də çox böyükdür. 30 ilə yaxın öz yurdundan uzaq düşən yüz minlərlə insan üçün bu, sadəcə bir köç deyil, mənəvi cəhətdən yenidən doğulmaq kimidir. Həmin bölgələrdə həyatın yenidən canlanması həm orada yaşayanların güzəranını yaxşılaşdıracaq, həm də bütövlükdə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına yeni bir nəfəs verəcək. Ərazilərimizn işğaldan azad olunmaısnın sevincini cəmiyyətin hər bir kəsimi yaşayır. Onların arasında sadəcə sıravi vətəndaşlar yox, tanınmış şəxslər də var. Onlardan biri də tanınmış jurnalist Seymur Verdizadədir. Cəbrayıl rayonunun Soltanlı kəndindən olan S.Verdizadə qeyd edib ki, 1993-cü ilin oktyabrında kəndləri işğal olunanda o, Türkiyədə tələbə imiş və bu ağır xəbəri də elə orada eşidib. O bildirib ki, həmin vaxtdan etibarən beş illik tələbəlik dövrü ərzində bəzi tələbə yoldaşlarının ona qaçqın kimi acıyaraq baxdıqlarını daim öz üzərində hiss edib. Maraqlıdır ki, kəndlərinin azad olunma xəbəri də elə oktyabr ayında gəlib. Jurnalist Seymur VerdizadəS.Verdizadə həmin müjdəni Bakıdakı evində eşitdiyini, ailə üzvlərinin sevinc qışqırıqlarının bir-birinə qarışdığını bildirib. Onun sözlərinə görə, köçkünlük dövrü uzandıqca və münaqişə həll olunmadıqca, torpaqların azad ediləcəyinə dair ümidləri də getdikcə zəifləyirmiş. Onlar qayıdışa bir möcüzə kimi baxdıqları üçün oktyabrın 4-də Cəbrayıl rayonunun Soltanlı kəndinin azad edilməsini həmin möcüzənin gerçəkləşməsi kimi qiymətləndirir. Cəbrayılın qurtuluşundan sonra öz kəndlərinin də tezliklə azad olunacağına tam inanan jurnalist çox keçmədən – oktyabrın 19-da 27 illik həsrətin bitdiyini və qələbə xəbərini aldığını söyləyib. O, illər əvvəl yaşamış olduğu bir xatirəni bölüşərək deyib ki, oğlu hələ dörd yaşında olarkən ondan öz kəndlərinə nə vaxt gedəcəklərini soruşub: “O vaxt mən bu suala cavab verə bilməmişdim. Sonra bu sual növbəti illərdə də tez-tez təkrarlanmışdı. Mən bu sualın qarşısında aciz qaldığım üçün ”Məni pərt edən suallar" adlı bir köşə yazısı yazmışdım. Yaxın zamanlara kimi mən bu cür suallara heç vaxt cavab verə bilmirdim. Çünki mənim özüm də bilmirdim ki, kəndimizə nə vaxtsa gedə biləcəyəmmi. Köçkünlük həyatı uzandıqca, Qarabağ münaqişəsi həll olunmadıqca, bizim torpaqlarımızın azad olunacağına inamımız da öləziyirdi”. S.Verdizadə bu xəbəri eşidərkən keçirdiyi hisslərin sözlə ifadə edilməyəcək qədər bənzərsiz olduğunu, bunu yaşamayanlara çatdırmağın mümkün olmadığını deyib. O bu böyük sevinci onlara bəxş etdiyi və "məcburi köçkün" adını üzərilərindən götürdüyü üçün Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib. “Düz 27 il boyunca hər gecə yuxularımın marşrutu Cəbrayıla, doğma kəndimizə idi. Ata ocağımızı hər dəfə alovlar içində görürdüm; o nəhəng yanğın məni evimizə yaxın düşməyə qoymurdu, sanki bir sədd kimi qarşımı kəsirdi. Maraqlıdır ki, Cəbrayılın azad olunduğu müjdəsini aldığım gecə yuxumdakı o illərdir sönməyən yanğın ilk dəfə idi ki, sönmüşdü. Bir şeyə əminəm: hətta gözlərimi bağlasalar belə, Cocuq Mərcanlıdan o doğma həyətimizə qədər olan yolu qəlbimin yaddaşı ilə tapıb gedərəm”, - S.Verdizadə bildirib. Burada o da qeyd edilməlidir ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən tarixi qayıdış prosesinin və işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin qarşısında dayanan ən böyük maneə Ermənistanın onilliklər ərzində həmin ərazilərdə basdırdığı kütləvi minalardır. Bu mina problemi həm mülki insanların həyatı üçün ciddi təhlükə yaradır, həm də strateji infrastruktur layihələrinin icrasını və kənd təsərrüfatı fəaliyyətlərinin bərpasını əhəmiyyətli dərəcədə ləngidir. Prezident İlham Əliyevin son olaraq açıqladığı rəsmi rəqəmlər vəziyyətin faciəvi miqyasını bir daha diqqətə çatdırır. Belə ki, Vətən müharibəsindən sonra indiyədək azad edilmiş ərazilərimizdə 400-dən çox insan mina partlayışlarının qurbanı olub və ya ağır şəkildə yaralanıb. Azərbaycan bu görünməz ölüm təhlükəsi ilə mübarizədə Minatəmizləmə Agentliyinin maddi-texniki bazasını ən müasir texnologiyalarla gücləndirir, süni intellekt və dron aparatlarından istifadə edir, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar fəlakətə cəlb edərək ərazilərin sürətlə təmizlənməsi üçün bütün resurslarını səfərbər edir. Görülən sistemli tədbirlər sayəsində təhlükəsizlik kəmərləri genişləndirilir və hər təmizlənmiş sahə bir tərəfdən yeni tikilən binaların bünövrəsi, digər tərəfdən isə məcburi köçkünlərin öz doğma yurdlarına daha sürətli və təhlükəsiz dönüşü üçün real imkanlar yaradır. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.

Seçilən
8
47
metbuat.az

10Mənbələr