EN

Küçədə dava edən şəxs məhkəmə zalında həbs edildi

Ali Məhkəmədə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Z.Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 30 avqust 2024-cü il tarixdə saat 15 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Z.Quliyev küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

 

Araşdırmalarla müəyyən edilib ki, o, ətrafdakı şəxslərə qarşı açıq etinasızlıq göstərərək özünü digərlərindən üstün tutmaq məqsədilə xuliqanlıq niyyəti ilə hərəkət edib. Bu zaman zərərçəkmiş T.T.-yə (adı, soyadı şərtidri) qarşı zor tətbiq edərək onun sifət və baş nahiyəsinə yumruq zərbələri endirib.

 

Hadisənin davamı olaraq Z.Quliyev zərərçəkmişi ayağından badalaq vuraraq yerə yıxıb, daha sonra yerdə uzanıqlı vəziyyətdə olmasına baxmayaraq onu yumruq zərbələri ilə döyməyə davam edib.

 

Məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən olunub ki, zərərçəkmiş şəxsə yetirilən xəsarətlər müxtəlif ağırlıq dərəcələrinə aiddir. Belə ki, sağ gicgah-təpə sümüyünün tikişinin travmatik aralanması və sağ gicgah nahiyəsinin əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət kimi qiymətləndirilib.

 

Bundan əlavə, sol yanaq nahiyəsinin daxili səthində cərrahi tikiş tələb edən əzilmiş yara və sağ yanaq nahiyəsinin sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi müəyyən edilib. Eyni zamanda, sifətin sol yarısında sıyrıqlar və sol almacıq nahiyəsində şişkinliklə müşayiət olunan xəsarətlər sağlamlığa zərər vursa da, onların dərəcəsi ayrıca müəyyən edilməyib.

 

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs bu hərəkətləri ilə ictimai qaydanı kobud şəkildə pozaraq, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq əməli törədib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Z.Quliyev 1 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Mülki iddianın qismən təmin olunub, mülki cavabdeh 2053,96 manat tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilib.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Z.Quliyevə təyin edilən 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 4 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib və o, məhkəmə iclas zalından dərhal həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2026, 08:55   
Chosen
9
37
pravda.az

10Sources