EN

İranın blokadası ABŞ kənd təsərrüfatı üçün ciddi riskə çevrilə bilər

Hörmüz boğazında yaranmış gərginlik gübrə təchizatını poza, bahalaşan yanacaqla birlikdə ABŞ-də inflyasiya təzyiqini daha da artıra bilər...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, İran ətrafında yaranmış blokada vəziyyəti ABŞ kənd təsərrüfatı üçün gözlənilməz və ağır nəticələr doğura biləcək amillərdən birinə çevrilib. Nəşr bu vəziyyətin xüsusilə Amerika fermerləri üçün “qara qu quşu” effekti yarada biləcəyini vurğulayır.

Məlumata əsasən, Hörmüz boğazı azot gübrələrinin qlobal tədarükü baxımından strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biridir. Bu dəhlizdə hər hansı uzunmüddətli fasilə gübrə daşımalarında ciddi gecikmələrə, logistika xərclərinin artmasına və nəticədə ABŞ kənd təsərrüfatı sektorunda istehsal xərclərinin yüksəlməsinə səbəb ola bilər.

Materialda qeyd olunur ki, hətta ən nikbin ssenariyə əsasən belə, əgər boğaz sabah açılarsa, logistika zəncirində yaranmış boşluğun aradan qaldırılması üçün ən azı bir ay tələb olunacaq. Gübrə sənayesinin iqtisadçısı Veronika Nay isə hesab edir ki, təchizat zəncirlərinin tam bərpası daha uzun müddət, hətta illər çəkə bilər.

Bu fonda ABŞ-də benzin qiymətlərinin artıq bir qallon üçün 4,13 dollara çatdığı bildirilir. Yanacaq qiymətlərindəki təxminən 30 faizlik artım və gübrə qıtlığı ehtimalı birlikdə ölkədə inflyasiya təzyiqini gücləndirən təhlükəli iqtisadi mənzərə formalaşdırır. Bu isə həm ərzaq qiymətlərinə, həm də kənd təsərrüfatı istehsalçılarının gəlirliliyinə birbaşa təsir göstərə bilər.

Nəşrin qiymətləndirməsinə görə, belə bir vəziyyət siyasi baxımdan da mühüm nəticələr doğura bilər. Xüsusilə aralıq seçkilər ərəfəsində yanacağın və kənd təsərrüfatı xərclərinin bahalaşması Respublikaçılar Partiyası üçün əlavə risk yaradır. Çünki qiymət artımları seçicilərin gündəlik həyatına birbaşa təsir edən ən həssas mövzulardan biri hesab olunur.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında davam edən qeyri-müəyyənlik təkcə enerji bazarlarını deyil, həm də qlobal ərzaq təhlükəsizliyini və kənd təsərrüfatı istehsalını sarsıda bilər. ABŞ üçün bu, həm iqtisadi, həm də siyasi baxımdan ciddi sınağa çevrilmək potensialına malikdir.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources