EN

Azərbaycanın balanslı xarici siyasəti regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir ŞƏRH

Mürəkkəb geosiyasi proseslər, artan gərginliklər və qlobal qarşıdurmalar fonunda Azərbaycanın həyata keçirdiyi balanslı siyasət ölkəmizin milli maraqlarının qorunmasına, suverenliyinin möhkəmləndirilməsinə və beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Yaxın Şərqdə davam edən qarşıdurmalar, eləcə də Rusiya-Ukrayna müharibəsi, ABŞ, İsrail-İran hərbi toqquşması göstərir ki, müasir dövrdə silahlı münaqişələr və tərəflər arasında qəti nəticə əldə etmək asan başa gəlmir. Belə mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan nümunəsi uğurlu model kimi ön plana çıxır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan 44 gün ərzində hərbi əməliyyatları qəti nəticə ilə başa çatdıraraq 30 ilə yaxın davam edən mürəkkəb münaqişəyə son qoydu. Bu Qələbə hərbi uğur olmaqla yanaşı, həm də beynəlxalq hüququn bərpası kimi tarixə düşdü.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycan bu Qələbəyə həm də uğurlu xarici siyasət hesabına nail oldu. Rəsmi Bakının çoxvektorlu xarici siyasəti müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmağa imkan yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm Qərb dövlətləri, həm də regionun əsas aktorları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bu yanaşma Azərbaycanın heç bir siyasi blokdan asılı vəziyyətə düşməməsini təmin edir və müstəqil qərarvermə imkanlarını genişləndirir. Enerji diplomatiyası Azərbaycanın geosiyasi mövqeyinin güclənməsində mühüm rol oynayır. Xəzər regionunun zəngin enerji resurslarına malik olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi çıxış edir. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artırmaqla yanaşı, müxtəlif tərəflərlə balanslı əlaqələr qurmasına əlavə imkanlar yaradır. Xüsusilə ABŞ-İran müharibəsi fonunda enerji diplomatiyasının üstünlüyü ön plana çıxır.

Milli Məclisin deputatı qeyd edib ki, Cənubi Qafqaz kimi həssas bir bölgədə yerləşən Azərbaycan üçün təhlükəsizlik məsələləri daim prioritet olub. Rəsmi Bakının mövqeyi regional sabitliyin qorunmasında, mümkün risklərin minimuma endirilməsində mühüm rol oynayır. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəal fəaliyyəti də onun balanslı siyasətinin mühüm tərkib hissəsidir. Bu platforma ölkəmizə qlobal qarşıdurmalarda neytral mövqe sərgiləməyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyə imkan verir. Eyni zamanda, Azərbaycan regionda nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkənin geostrateji əhəmiyyətini artırır, müxtəlif ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir. Bu layihələr Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini daha da gücləndirir. Dəyişən beynəlxalq şəraitə çevik uyğunlaşaraq, öz strateji hədəflərini ardıcıl şəkildə həyata keçirən Azərbaycanın balanslı xarici siyasəti uğurlu model kimi qiymətləndirilə bilər. Bu model ölkənin müstəqilliyini qorumağa, beynəlxalq nüfuzunu artırmağa və regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir.

Chosen
4
2
ikisahil.az

3Sources