EN

Azərbaycanın həyata keçirdiyi siyasət və ölkədəki sabitlik beynəlxalq səviyyədə diqqət mərkəzindədir ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Dünyada, xüsusilə son dövrlərdə böyük güclər arasında ciddi münaqişələr baş verir. Bu qarşıdurmaların fonunda enerji təhlükəsizliyi problemləri artır, sərhəd və ərazi məsələləri daha da aktuallaşır. Nəticədə, qlobal miqyasda gələcək haqqında qeyri-müəyyənlik yaranır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

O bildirib ki, bu gün dünyanın bir sıra ərazilərində müxtəlif gərginliklər mövcuddur. İstər Yaxın Şərqdə münasibətlərin kəskinləşməsi, istərsə də Şərqi Avropada davam edən münaqişə ümumi mənzərəni daha da mürəkkəbləşdirir. Bütün bunlar da dünyada risklərin artdığını açıq şəkildə göstərir.

“Belə bir çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın sabitliyini qoruyub saxlaması xüsusi qürur doğurur. Ölkəmiz həyata keçirdiyi düşünülmüş və balanslı siyasət nəticəsində həm daxili sabitliyi təmin edir, həm də müxtəlif ölkələrlə əməkdaşlığı uğurla inkişaf etdirir. Davamlı layihələrin icrası, sosial-iqtisadi inkişafın yüksəlməsi bunu bir daha təsdiqləyir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanda vətəndaşlar qlobal gərginliklərin yaratdığı xaotik mühitin təsirini gündəlik həyatlarında hiss etmirlər. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni mühüm beynəlxalq nəqliyyat dəhlizlərindən birinə çevirib və bu, həm region, həm də tərəfdaş ölkələrin inkişafına töhfə verir”, - deyə QHT sədri əlavə edib.

İ.Rizazadə vurğulayıb ki, bu gün artıq Azərbaycanın həyata keçirdiyi siyasət və ölkədəki sabitlik beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Bütün güclü dövlətlər ölkəmizə böyük hörmətlə yanaşır. Xaricdə də Azərbaycan vətəndaşlarına münasibətdə bu hörmət açıq şəkildə hiss olunur.

“Torpaqlarımızın azad olunmasından sonra həyata keçirilən Böyük Qayıdış prosesi də xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Füzuli, Zəngilan, Şuşa, Ağdam və digər bölgələrdə infrastruktur yenidən qurulur, yaşayış məntəqələri bərpa edilir və insanların doğma yurdlarına qayıdışı təmin olunur. Təbii ki, bu da ölkənin iqtisadi gücünün və sistemli siyasətinin göstəricisidir. Böyük Qayıdış tamamlandıqdan sonra isə Azərbaycanın iqtisadi inkişafı daha da sürətlənəcək. Çünki bu ərazilərin potensialı ölkə iqtisadiyyatına əlavə töhfələr verəcək. Bütün bu nailiyyətlərin əsasında isə dövlətimizin başçısının uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Eyni zamanda, vətəndaş cəmiyyəti institutları da bu prosesdə fəal iştirak edirlər”, - deyə QHT sədri fikrini yekunlaşdırıb.

Chosen
8
1
azertag.az

2Sources