Davamlı şəkildə təkrarlanan sızanaqlar ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə dermatoloq və digər ixtisaslar üzrə həkim Dmitri Ellinski açıqlama verib.
Həkimin sözlərinə görə, sızanaqlar tam keçmirsə və davamlı olaraq yenidən yaranırsa, bu, insulinə rezistentlik, qida maddələrinin çatışmazlığı və xronobioloji ritmlərin pozulması kimi problemlərlə əlaqəli ola bilər.
O qeyd edib ki, dəridə iltihab prosesi müəyyən bir dövr üzrə inkişaf edir: dəri həddindən artıq piy ifraz edir, məsamələr asanlıqla tutulur, iltihab yaranır və nəticədə yeni səpgilər əmələ gəlir. Bu isə yalnız dərinin çirkli olması və ya düzgün qulluq edilməməsi ilə bağlı deyil.
Mütəxəssis bildirib ki, mikro və makroelement çatışmazlığı, xroniki aşağı səviyyəli iltihab (ən çox rast gəlinən səbəblərdən biri məhz insulinə rezistentlikdir), hormonal dəyişikliklər və bioloji ritmlərin pozulması da sızanaqların yaranmasında mühüm rol oynayır.
Ellinski vurğulayıb ki, təmiz dəri üçün hər kəsə uyğun vahid həll yolu yoxdur və ən effektiv nəticə fərdi yanaşma ilə əldə edilir. Bu yanaşmaya həyat tərzi, qidalanma, düzgün seçilmiş dəriyə qulluq vasitələri və mövcud problemlərin müalicəsi daxildir.
Onun sözlərinə görə, bəzi hallarda stress və iltihabı artıran qidalar, bəzi hallarda isə hormonal faktorlar və ya bir neçə səbəbin birlikdə təsiri sızanaqlara səbəb olur. Dəqiq səbəbi müəyyənləşdirmək üçün mütləq həkimə müraciət etmək lazımdır.
Həkim əlavə edib ki, bəzi xəstələrdə bağırsaq keçiriciliyinin artması (“leaky gut”) müşahidə olunur və bu da immun reaksiyalara səbəb olaraq dəri problemlərini gücləndirə bilər. Bu hallarda qida analizləri aparılaraq problem yaradan məhsulların rasiondan çıxarılması müalicəyə müsbət təsir göstərir.
NURİYYƏ