EN

Səhiyyə və sosial müdafiə birləşir: yeni model nələri dəyişəcək?

Azərbaycanda səhiyyə sistemində yeni islahat mərhələsinə start verilib. Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərman icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Sənədə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi nəticəsində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb və bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Bu addım sistemin idarəetmə fəlsəfəsində dəyişiklikdən xəbər verir və səhiyyə ilə sosial müdafiə mexanizmlərinin daha sıx inteqrasiyasını hədəfləyir.

Yeni modelin əsas mahiyyəti funksiyaların daha aydın bölüşdürülməsi və mərkəzləşdirilmiş idarəetmənin gücləndirilməsidir. Belə ki, yaradılan agentlik icbari tibbi sığorta fondunun vəsaitlərini toplayacaq, idarə edəcək və dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı kimi çıxış edəcək. Bu isə maliyyə axınlarına nəzarətin artması, xərclərin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda sosial müdafiə və səhiyyə xərclərinin eyni risklərə əsaslanması bu iki sahənin vahid idarəetmə çərçivəsində birləşdirilməsini iqtisadi baxımdan məntiqli edir.

tebib.jpg

 

İslahatların digər mühüm istiqaməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyiin rolunun genişləndirilməsidir. Yeni qərarlara əsasən, dərman və tibbi vasitələrlə təminat funksiyasının da TƏBİB-ə verilməsi bu qurumu səhiyyə xidmətlərinin yalnız təşkilatçısı deyil, həm də tam icraçısına çevirir. Bu dəyişiklik xidmətlərin fasiləsizliyinin təmin olunması, logistika və təchizat zəncirinin mərkəzləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəticədə, müxtəlif qurumlar arasında bölüşdürülmüş funksiyalar vahid idarəetmə altında cəmlənir ki, bu da qərarların daha operativ qəbuluna və xidmətlərdə gecikmələrin azalmasına şərait yaradır.

Eyni zamanda TƏBİB-in institusional gücləndirilməsi istiqamətində atılan addımlar da diqqət çəkir. Müşahidə Şurasının yenilənməsi, müxtəlif dövlət qurumlarının və tərəflərin bu strukturda təmsil olunması idarəetmədə daha balanslı və şəffaf yanaşmanı təmin edir. Bu model klassik inzibati idarəetmədən daha çox korporativ idarəetmə prinsiplərinə yaxınlaşmanı göstərir və nəticəyönümlü fəaliyyətin gücləndirilməsinə xidmət edir. Müşahidə Şurasının qərarı ilə Anar Bayramovun TƏBİB-in icraçı direktoru təyin olunması isə bu transformasiyanın icra mexanizminin daha çevik qurulmasına hesablanıb.

Anar.jpeg

Yeni mərhələdə əsas hədəflərdən biri də tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasıdır. Data əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi və planlaşdırmanın təkmilləşdirilməsi bu istiqamətdə mühüm rol oynayacaq. Bu yanaşma resursların daha məqsədli istifadəsinə, xidmətlərin daha düzgün istiqamətləndirilməsinə və nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəlməsinə gətirib çıxara bilər.

Bununla yanaşı, islahatların uğuru yalnız struktur dəyişikliklərindən asılı deyil. İdarəetmə mədəniyyətinin yenilənməsi, institusional yaddaşın qorunması və dəyişikliklərin mərhələli şəkildə tətbiqi burada həlledici rol oynayır. Əks halda, tez-tez baş verən struktur dəyişiklikləri sistemdə qeyri-sabitlik yarada bilər. Bu baxımdan, yeni modelin balanslı və davamlı şəkildə tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, həyata keçirilən dəyişikliklər səhiyyə sistemində daha mərkəzləşdirilmiş, şəffaf və vətəndaşyönümlü idarəetmə modelinə keçidi təmin etməyə hesablanıb. Bu prosesin uğurla icrası isə Azərbaycan səhiyyəsinin yalnız xidmət sahəsi kimi deyil, həm də strateji sektor kimi inkişafını şərtləndirən əsas amillərdən biri olacaq.

Şahanə Rəhimli
Musavat.com

Chosen
17
19
musavat.com

10Sources