Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrup iclasında çıxış edərək gündəmdəki məsələlərə toxunub və İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə yönəlmiş açıqlamalarına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib: “Hər kəs bilməlidir ki, soyqırım şəbəkəsinin qızışdırdığı nifrət, düşmənçilik, gərginlik və münaqişə dilinə təslim olmayacağıq. Tariximizdən miras aldığımız ləyaqət, şərəf, nəciblik və cəsarətlə ən çətin dövrlərdə belə həqiqəti deməyə davam edəcəyik. Zalıma zülmkar, quldura quldur, qatilə isə qatil deməkdən çəkinməyəcəyik.
Biz Qəzzadakı günahsız uşaqların səsi olmağa davam edəcəyik. Övladlarını itirməyin ağrısını yaşayan fələstinli anaların fəryadına biganə qalmayacağıq. Qərb Şəriyəsində torpaqları işğal edilən qardaş və bacılarımızın hüquqlarını müdafiə edəcəyik. Livanda qətlə yetirilən uşaqların haqqını qorumaqda davam edəcəyik. Həqiqətləri gizlətmək istəyənlərlə mübarizəmizi davam etdirəcəyik.”
Prezident çıxışında əlavə edib: “Coğrafiyamızda varlığını 100 il əvvəl kiminsə verdiyi dəstəyə borclu olanlardan fərqli olaraq, biz bu torpaqlarda min illik dövlətçilik təcrübəsinə əsaslanaraq məsuliyyətlə hərəkət edirik. Sosial mediada məni və ölkəmizi təhqir edənlərə bəzi həqiqətləri xatırladıram: Türkiyə Respublikası adi dövlət deyil. Heç bir güc Türkiyəyə və onun prezidentinə barmaq silkələyə bilməz. Unutmasınlar ki, dağları yerindən oynadacaq gücümüz var.”
Aytən Yaşar/ Turkustan.az