EN

Dünya liderləri eyni ünvana axışır İran böhranında həlledici oyunçu üzə çıxdı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə artan gərginlik fonunda dünyanın aparıcı siyasətçilərinin Çinə səfərləri diqqət çəkir. Bu proses yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hətta ABŞ Prezidenti Donald Trampın da may ayında Pekinə səfər etmək ehtimalı var. Ekspertlər isə vəziyyətin ya genişmiqyaslı sülhlə nəticələnəcəyini, ya da daha böyük münaqişəyə yol aça biləcəyini istisna etmirlər.

Globalinfo.az bu proseslərlə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli ilə müsahibə edib.

– Bu səfərlərin əsas məqsədi nədir?

– Bunun mahiyyətini ölkələr üzrə ayrıca təhlil etmək lazımdır. Nəzərə alsaq ki, proseslər İran müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda, həmçinin kövrək atəşkəs şəraitində baş verir, bu, Çinin qlobal diplomatik mərkəzə çevrildiyini göstərir. Rusiya və ABŞ Hörmüz boğazının blokadasını tənqid edir və gərginliyin artmasına meyilli mövqe nümayiş etdirir. Bu kontekstdə Rusiya boğazın açılması istiqamətində Çindən daha qəti addımlar gözləyir. İspaniyanın Baş naziri Pedro Sançes artıq dördüncü dəfə Çinə səfər edib və ABŞ-ın, xüsusilə Donald Trampın təzyiqlərinə baxmayaraq, Çinlə 19 saziş imzalayıb. Ümumilikdə, İspaniya Avropa daxilində daha müstəqil siyasət yürüdən ölkələrdən biridir və Çinin Yaxın Şərqdəki rolunu dəstəkləyir. Bu yanaşma, Avropa İttifaqının (Aİ) üçüncü güc kimi formalaşması ideyasının davamı kimi qiymətləndirilə bilər. Trampın Çinə səfəri planlaşdırılsa da, İran müharibəsi buna imkan verməyib. O, səfəri mümkün uğur kontekstində reallaşdırmaq niyyətində idi. Hələlik buna nail olmasa da, qarşıda müzakirə ediləcək çoxsaylı məsələlər olduğundan bu səfərin baş tutacağı gözlənilir.

Əziz Əlibəyli

– Çin münaqişənin həllində açar rol oynaya bilərmi?

– Əlbəttə, bilavasitə əhəmiyyətli rol oynayır. Bunun əsas səbəblərindən biri Çinin İran neftinin əsas alıcılarından biri olmasıdır. Bu amil Pekinə Tehran üzərində müəyyən təsir imkanları verir. Tramp və İran rəsmiləri açıq şəkildə bildiriblər ki, 8 aprel atəşkəsinin əldə olunmasında Çin son mərhələdə İranı razı salan ölkə olub. Hətta Pakistanın vasitəçiliyi ilə beş maddədən ibarət planın irəli sürüldüyü də qeyd olunur. 14 apreldə Çin sədri Si Cinpin Yaxın Şərqdə ölkəsinin konstruktiv rol oynayacağını bəyan edib. Bu yanaşma çərçivəsində Çin BMT Təhlükəsizlik Şurasında Rusiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

– “Böyük sülh” hansı şərtlər daxilində mümkün görünür?

– Hörmüz boğazının tam açıq saxlanılması və ABŞ-ın tətbiq etdiyi blokadanın aradan qaldırılması Çin üçün kritik əhəmiyyət daşıyır. Çünki ölkənin neft idxalının təxminən üçdə biri məhz bu marşrutdan həyata keçirilir. Nüvə proqramı və sanksiyalar məsələsində ABŞ-ın əsas məqsədi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasıdır. Bu çərçivədə İran üçün təhlükəsizlik zəmanətlərinin də razılaşdırılması vacib şərt kimi çıxış edir. Eyni zamanda, regionda gərginliyin azaldılması, yəni deskalasiya prosesi sürətləndirilməli, proksi müharibələrə son qoyulmalıdır. Yalnız sadaladığım şərtlər əsasında sülh prosesi mümkündür. Bu məqsədlə siyasi dialoq mexanizmlərinin işə salınması zəruridir. Bu kontekstdə Çin və Pakistanın təklif etdiyi BMT, BRICS və digər regional formatlar çərçivəsində əməkdaşlıq platformalarının aktivləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

– Müharibənin genişlənməsi ehtimalını necə qiymətləndirirsiniz?

– Uzunmüddətli perspektivdə bunun baş verməsi inandırıcı görünmür. Lakin qısamüddətli, bir-iki həftəlik lokal qarşıdurma ehtimalı kifayət qədər realdır. Bunun əsas səbəbi ABŞ-ın tətbiq etdiyi blokadanın davam etməsidir. Bu şəraitdə İranın cavab addımları istisna edilmir və nəticədə qarşıdurma xətti daha da gərginləşə bilər. Hazırda danışıqların aparılması gözlənilir. Əgər bu proses uğursuzluqla nəticələnərsə, mövcud atəşkəsin pozulması ehtimalı artır. Bu kontekstdə Çin və Rusiya müharibənin genişlənməsinin əleyhinə çıxış edir və prosesin eskalasiyasına imkan verməməyə çalışırlar. Eyni zamanda, Donald Trampın da əsasən diplomatik həll variantlarına üstünlük verdiyi müşahidə olunur.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
globalinfo.az

1Sources