EN

Yeni Fərman səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyasını gücləndirir ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Səhiyyə sistemində yeni islahat mərhələsi çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktorunun təyin olunması struktur dəyişikliklərin məntiqi davamı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasında rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl beynəlxalq təcrübəyə uyğun çevik və səmərəli mexanizmlər əsasında inkişaf etdirilməsidir. Bu siyasətin ardıcıl icrası, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə xüsusi diqqəti nəticəsində son illərdə tibb infrastrukturunun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O deyib ki, Azərbaycan Prezidentinin “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı səhiyyə sistemində yeni mühüm islahat mərhələsinə keçidi təmin edir. Bu sənəd tibbi sığorta sisteminin idarə edilməsinin daha səmərəli təşkili, tibbi xidmətlərdə çevikliyin və əlçatanlığın artırılması, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədlərinə xidmət edir. Yeni Fərman tibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına hədəflənən yeni islahat mərhələsinin başlanmasını şərtləndirir və səhiyyə ilə sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

“Fərmana əsasən, icbari tibbi sığorta sahəsində səlahiyyətlərin optimallaşdırılması həyata keçirilir və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin funksiyalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi əsasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılır. Bu model çərçivəsində yeni qurum icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması, dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı kimi çıxış edilməsi və bu xidmətlər üzrə xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək. Beləliklə, maliyyələşdirmə və xidmətin göstərilməsi funksiyalarının ayrılması hesabına balanslaşdırılmış idarəetmə sistemi formalaşacaq, icbari tibbi sığorta fondunun vəsaitlərinin idarə edilməsi və istifadəsinin səmərəliliyi artırılacaq, tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyəti yüksəldiləcək.

Yeni mexanizm səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın təmin edilməsinə, funksional təkrarlanmanın aradan qaldırılmasına və idarəetmədə effektivliyin yüksəldilməsinə şərait yaradacaq. Eyni zamanda, rəqəmsallaşmanın geniş tətbiqi, vətəndaşyönümlü xidmət modelinin gücləndirilməsi və resurslardan daha səmərəli istifadə icbari tibbi sığorta sisteminə ictimai etimadın möhkəmlənməsinə xidmət edəcək”, - deyə deputat bildirib.

Onun fikrincə, islahatların mühüm istiqamətlərindən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rolunun gücləndirilməsidir. Prezidentin Fərmanına əsasən, sığortaolunanların dərman və tibbi vasitələrlə təminatı üzrə hüquq və öhdəliklərin TƏBİB-ə verilməsi bu qurumun tibbi xidmətlərin göstərilməsində əsas operator kimi mövqeyini daha da möhkəmləndirir. Bu qərar müalicə prosesinin fasiləsizliyinin təmin olunmasına, tibbi xidmətlərin daha bütöv idarəetmə modelinin formalaşdırılmasına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.

TƏBİB-in funksional əhatəsinin genişləndirilməsi tibbi xidmətlərin göstərilməsində onun rolunun artmasına, qərarların qəbul edilməsinin sürətlənməsinə və idarəetmədə səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Bu dəyişikliklər nəticəsində TƏBİB-in institusional rolunun gücləndirilməsi daha səmərəli və vətəndaşyönümlü idarəetmə modelinə keçidi təmin edəcək. Eyni zamanda, səhiyyə sistemində islahatlara nəzarət və bu sahədə koordinasiya gücləndiriləcək, kompleks qərarların həyata keçirilməsində qurumlararası əməkdaşlıq genişlənəcək.

“TƏBİB-in institusional inkişafı baxımından korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezidentin 2026-cı il 8 aprel tarixli Sərəncamı ilə TƏBİB-in Müşahidə Şurasının yeni tərkibinin təsdiqlənməsi strateji nəzarətin gücləndirilməsinə, əsas idarəetmə və maliyyə qərarlarının daha operativ razılaşdırılmasına, hesabatlılıq və şəffaflığın möhkəmləndirilməsinə şərait yaradır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin şurada təmsil olunması qərarların daha balanslaşdırılmış şəkildə qəbul edilməsinə imkan verir.

Həyata keçirilən institusional dəyişikliklər TƏBİB-in müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafı üçün möhkəm zəmin yaradır. Bu proses qurumun səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşma qabiliyyətini artıracaq, tibbi xidmətlərin göstərilməsində TƏBİB-in rolunu daha da gücləndirəcək və əhaliyə daha yüksək səviyyəli tibbi xidmətlərin təqdim olunmasını təmin edəcək”, - deyən Müşfiq Məmmədlinin sözlərinə görə, yeni idarəetmə modeli səhiyyə sistemində vətəndaş mərkəzli yanaşmanın güclənməsinə, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

 

Chosen
22
19
azertag.az

10Sources