EN

Latviya Azərbaycan məhsullarının Avropaya çıxışı üçün “qapı” olmağı təklif edir

ŞUŞA, 15 aprel. TELEQRAF

Latviya Azərbaycan mallarının Avropa bazarına çıxışı üçün logistika və e-ticarət baxımından əsas mərkəz rolunu oynamağa hazır olduğunu bəyan edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunuLatviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və bu əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənməkdədir. O, iclasın Şuşa şəhərində keçirilməsinin xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.

Krauzenin sözlərinə görə, Latviya Azərbaycanın Avropaya çıxışında mühüm logistika qovşağına çevrilə bilər. O bildirib ki, nəqliyyat sektoru iqtisadi əməkdaşlıqla konkret biznes fəaliyyəti arasında əsas əlaqələndirici rol oynayır.

Nazir kənd təsərrüfatı və meşəçilik sahələrində əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Latviyanın qida təhlükəsizliyinə nəzarət sisteminin Azərbaycan tərəfindən tanınması isə aqrar-qida sahəsində əməkdaşlığın inkişafı üçün mühüm zəmin kimi qiymətləndirilib.

Bununla yanaşı, o, iş adamları arasında əlaqələrin gücləndirilməsi məqsədilə Latviya–Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasını təklif edib. Nazir vurğulayıb ki, şəffaf və proqnozlaşdırıla bilən biznes mühiti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əsas prioritet olaraq qalır.

Qeyd edək ki, bu təşəbbüsün reallaşması Azərbaycan məhsullarının Avropa bazarına çıxışını asanlaşdıra və ikitərəfli ticarət dövriyyəsinin artmasına təkan verə bilər.

Chosen
20
teleqraf.com

1Sources