EN

Diş əti iltihabına qarşı qoruyucu təsir göstərə bilən meyvə müəyyən edilib

Braziliyanın Santa Katarina Federal Universitetinin alimlərinin apardığı araşdırmaya əsasən, kızılcık (mərcanı) tərkibində bakteriyaların diş səthinə yapışmasının və diş ərpinin yaranmasının qarşısını alan maddələr saxlayır. Bu xüsusiyyət isə potensial olaraq diş çürüməsi və diş əti iltihabından qorunmaya kömək edə bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Biomedicines jurnalında dərc olunub.

Tədqiqatçılar kızılcığın və onun tərkib komponentlərinin ağız sağlamlığına təsiri ilə bağlı 93 elmi məqaləni təhlil ediblər. Nəticələr göstərib ki, meyvədə olan bioloji aktiv maddələr çürüməyə səbəb olan bakteriyaların inkişafını ləngidə və diş minasının zədələnməsinin əsas səbəblərindən biri olan plakın yaranmasının qarşısını ala bilir.

Bundan əlavə, kızılcığın tərkib hissələri diş əti iltihabını azaldır və immun sisteminin reaksiyasını müsbət istiqamətdə tənzimləyərək orqanizmin infeksiyalarla daha effektiv mübarizə aparmasına şərait yaradır. Bir çox araşdırmalar həmçinin göstərir ki, bu maddələr periodontal xəstəliklərin inkişafını ləngidə və dişləri əhatə edən sümük toxumasının zədələnməsinin qarşısını ala bilər.

Alimlər eyni zamanda kızılcığın güclü antioksidant xüsusiyyətlərini də vurğulayırlar. Bu birləşmələr ağız boşluğunun toxumalarını zədələnmədən qoruyur və diş ağartma kimi bəzi stomatoloji prosedurların mənfi təsirlərini azalda bilər.

Laboratoriya şəraitində aparılan təcrübələr göstərib ki, bu meyvənin komponentləri toxumaların yenilənməsini sürətləndirə, həmçinin göbələklərin və digər zərərli mikroorqanizmlərin aktivliyini azalda bilir.

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, mövcud nəticələrin əksəriyyəti laboratoriya şəraitində əldə olunub. Klinik araşdırmalar hələ kifayət qədər deyil, bu səbəbdən müalicəvi təsir barədə qəti nəticə çıxarmaq üçün hələ tezdir. Lakin əldə olunan nəticələr kızılcığın diş pastası və ağız yaxalayıcıları kimi yeni ağız baxım məhsullarının hazırlanmasında istifadə oluna biləcəyini göstərir.

//Gülnarə Abasova, Editor.az

Chosen
13
editor.az

1Sources