EN

Paşinyan hakimiyyəti çökür, TRİPP risk altındadır: “İqtisadi savaş” açılan Ermənistan niyə “satışa” çıxarılıb

Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən, Rusiya ilə böyük ölçüdə anlaşdığının mesajını verməyə çalışır... Digər tərəfdənsə, ABŞ və Qərblə ortaq şəkildə, Rusiyanın iştirak etməyəcəyi TRİPP layihəsini reallaşdıracağını vurğulayır...

Ermənistan böyük sürətlə növbəti parlament seçkilərinə yaxınlaşır. Bu seçkilərin yekun nəticələri Ermənistanın gələcək taleyini böyük ölçüdə müəyyən etmiş olacaq. Ona görə də, indi Ermənistan yolayrıcındadır və ya “işıq gələn tərəfə”, ya da ümumiyyətlə, “qaranlıq tunelə” yönəlmək barədə prinsipial ictimai-siyasi qərar verməyə məcburdur. Və bu siyasi proses hazırda Ermənistanda ölkədaxili situasiya ilə yanaşı, bu ölkənin ətrafında da cərəyan edən hadisələrə də əlavə gərginlik qatır.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan genişmiqyaslı kənar müdaxilə poliqonuna çevrilmiş kimi görünür. Belə ki, Qərb siyasi dairələri son illərdə Ermənistana və onun üzərindən Yaxın Şərqə yerləşmək üçün bütün geopolitik alətlərdən istifadə etməyə çalışır. Ancaq Ermənistanı özünün “arxa baxçası” hesab edən Rusiya bunun qarşısında əsas əngəl rolunu oynayır. Ukrayna savaşında ciddi şəkildə zəifləmiş olsa da, Rusiya yenə də Ermənistanda seçki prosesinə bir çox mexanizmlər vasitəsilə müdaxilə etməyə çalışır. Və Kremlin bu istiqamətdə israrlı davranmaqda olduğu Moskvada keçirilmiş sonuncu Putin-Paşinyan görüşündə də müşahidə edilir.   

Ona görə də, erməni siyasi dairələrində hesab edirlər ki, Putin-Paşinyan görüşünün ümumi məzmunu və nəticələri Rusiyanın Ermənistana yönəlik xəbərdarlıq mesajı anlamı daşıyır. Belə qənaətlər mövcuddur ki, Kremlin indiki təzyiqləri ilk növbədə qarşıdan gələn seçkilər və Paşinyan hakimiyyətinin nisbətən zəifləməsi ilə bağlıdır. Kreml və rəsmi İrəvan arasında kəskin fikir ayrılıqları mövcuddur və Rusiyanın mesajları yalnız Paşinyan hakimiyyətinə deyil, həm də Ermənistan cəmiyyətinə yönəlib. Və Ermənistanda Paşinyan hakimiyyətinin indiki Qərbə yaxınlaşma siyasi kursu davam etdirilərsə, Rusiyanın daha sərt reaksiya ilə qarşılıq verə biləcəyə qətiyyən istisna deyil.

Maraqlıdır ki, Kreml Ermənistana göndərdiyi emissarını - Samvel Karapetyanı bu ölkənin baş naziri postunda görmək istədiyini də artıq açıq və ya dolayısı yollarla biruzə verir. Prezident Vladimir Putin məhz onun seçkilərə qatılmasına nail olmaq üçün baş nazir Nikol Paşinyandan Rusiya vətəndaşı olan siyasətçilərin iştirakına imkan yaradılmasını istəmişdi. Ancaq erməni baş nazir yalnız Ermənistan vətəndaşlarının seçkidə iştirak edə biləcəyini vurğuladıqdan sonra Samvel Karapetyan Rusiya və yunan Kipri ilə bağlı vətəndaşlıqlarından imtina etmək məcburiyyətində qalıb.

Baş nazir Nikol Paşinyanın əsas siyasi rəqibi hesab olunan Kremlin emissarı Samvel Karapetyan seçicilərə müraciət edərək, bildirib ki, mövcud hakimiyyətin Rusiya ilə bağlı siyasəti Ermənistanı “geopolitik savaş poliqonu”na çevirir. Onun sözlərinə görə, Ermənistan hazırda “Rusiya ilə iqtisadi müharibə” və ölkədə siyasi dəyişikliklər arasında seçim etmək məcburiyyəti qarşısında qalıb. Kremlin emissarının seçkiqabağı əsas siyasi arqumentləri ondan ibarətdir ki, Ermənistanın xarici siyasət kursunda Rusiyanın rolunu azaltmaq olduqca riskli variantdır. Çünki Ermənistan üçün Rusiya enerji, əmək miqrasiyası və iqtisadi-ticari ixrac sahələri üzrə əsas tərəfdaşdır. Və Rusiya ilə qarşılıqlı münasibətlərin korlanması Ermənistanda əhalinin həyat səviyyəsinə sarsıdıcı zərbələr vura bilər.

Digər tərəfdən, Kremlin emissarının bu mövqeyini Rusiyanın agentura şəbəkəsinə daxil olan keçmiş xarici işlər naziri Vardan Oskanyan da dəstəkləyir. Rusiyaya bağlı radikal-revanşist erməni müxalifətinin əsas ideoloqlarından sayılan sabiq xarici işlər naziri Vardan Oskanyan hətta Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək toplantısını belə, Ermənistan üçün böyük təhlükə qaynağı kimi təqdim edib. Onun iddiasına görə, bu toplantı regional vəziyyətin pisləşməsi, eləcə də Yaxın Şərqdəki savaşı nəzərə aldıqda, Ermənistan üçün artıq geopolitik riskə çevrilib.

Bütün bunlarla yanaşı, Kreml Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyanın patronajlığı altında olan KTMT və Avrasiya İqtisadi İttifaqında fəaliyyət modelindən də ciddi şəkildə narazıdır. Belə ki, parlamentin spikeri Alen Simonyan bir müddət öncə Rusiya ilə ziddiyyətlər davam edəcəyi təqdirdə, Ermənistanın KTMT-dan çıxa biləcəyi ilə bağlı açıqlama vermişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın KTMT barədə fikirlərini “emosional” açıqlama adlandırıb. Kremldə əmindirlər ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin edir və bu təşkilatda iştirakın “dondurulması” mövcud hakimiyyətin qərarıdır.

Ancaq baş nazir Nikol Paşinyanın siyasi açıqlamaları Ermənistan cəmiyyətində müəyyən çaşqınlığa yol açıb. Belə ki, erməni baş nazir bildirib ki, iyunun ikinci yarısında Moskvada prezident Vladimir Putin ilə yeni görüş keçirəcəklər. Onun sözlərinə görə, tərəflər yüksək səviyyəli danışıqlar barədə artıq razılığa gəliblər. Və əgər, baş tutarsa, göstərilən görüş tarixi seçkilərdən sonraya təsadüf etdiyindən, bu açıqlama Ermənistan cəmiyyətində erməni baş nazirin öz hakimiyyətinin davam edəcəyinə təminat almağa nail olması kimi də yozulur.

Eyni zamanda, baş nazir Nikol Paşinyan Rusiyaya münasibətdə ziddiyyətli açıqlamalar verməkdə davam edir. Belə ki, erməni baş nazir bir tərəfdən, Ermənistanın Rusiyaya ilə bağlı “gizli addımlar” atmadığını və Kremlə qarşı fəaliyyət göstərmədiyini vurğulayıb. Və onun fikrincə, hazırda iki ölkə arasında dialoq imkanları açıqdır, Ermənistan Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Digər tərəfdən isə erməni baş nazir “Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq” açıqlaması ilə növbəti ziddiyətli mesajlara müəlliflik edib. Çünki onun fikrincə, Ermənistanın inkişaf perspektivləri Azərbaycanla ortaq sülh prosesi və yaxın gələcəkdə TRİPP layihəsinin reallaşdırılması ilə birbaşa bağlı olacaq. Halbuki, TRİPP lahihəsi isə Rusiya deyil, məhz ABŞ-ın iştirakı ilə reallaşdırılacaq. Yəni, baş nazir Nikol Paşinyan bir tərəfdən, Rusiya ilə anlaşdığının mesajını verir. Digər tərəfdənsə, ABŞ və Qərblə ortaq regional layihələri həyata keçirəcəyini də vurğulayır. Və erməni baş nazirin bu ziddiyyətli davranışlarına Rusiya siyasi dairələrində necə reaksiyanın veriləcəyi böyük ehtimalla Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində böyük ölçüdə aydınlaşmış olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Chosen
31
musavat.com

1Sources