EN

WUF13 Azərbaycanın şəhərsalma təcrübəsini təqdim etmək üçün unikal imkan yaradır ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Bu il may ayında Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müasir şəhərsalma yanaşmalarının yenidən düşünülməsi və qlobal urbanizasiya proseslərinin memarlıq prizmasından təhlili üçün mühüm platforma rolunu oynayacaq. Çünki Forum ümumilikdə şəhərlərin inkişafı ilə bağlı müzakirələrin aparıldığı, fərqli coğrafiyalarda formalaşan urban modellərin müqayisəli şəkildə qiymətləndirildiyi və yeni istiqamətlərin müəyyən olunduğu strateji bir mühitdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar Murad Ömərov deyib.

O bildirib ki, son illərdə urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin məkan strukturuna və vizual kimliyinə ciddi təsir göstərib. Bu kontekstdə əsas çağırış yalnız yeni tikililərin inşası deyil, onların mövcud şəhərlərə inteqrasiyası, urban kompozisiya bütövlüyünün qorunması və vahid memarlıq dilinin formalaşdırılmasıdır.

WUF13 çərçivəsində xüsusi diqqət yetirilən istiqamətlərdən birinin də rəqəmsal texnologiyaların şəhərsalma prosesinə inteqrasiyası olacağını deyən memar qeyd edib ki, müasir dövrdə rəqəmsal xəritələşdirmə, 3D modelləşdirmə və ağıllı idarəetmə sistemləri vasitəsilə şəhər məkanının əvvəlcədən simulyasiyası mümkün olur. Bu yanaşma isə nəqliyyat sıxlığı, funksional uyğunsuzluq və plansız tikinti kimi problemlərin qarşısının alınmasında səmərəli alət kimi çıxış edir və şəhərlərin daha dayanıqlı şəkildə inkişafına zəmin yaradır.

“Bu baxımdan, Qarabağda həyata keçirilən yenidənqurma və quruculuq işləri müasir şəhərsalma praktikasının real tətbiqi kimi xüsusi əhəmiyyət kəsb edir. Uzun illərdən sonra yenidən qurulan bu ərazilərdə şəhər və kəndlərin planlaşdırılması sıfırdan, lakin sistemli və konseptual yanaşma əsasında həyata keçirilir. Burada tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” modelləri yalnız texnoloji yenilik deyil, eyni zamanda, ekoloji davamlılıq, resursların səmərəli istifadəsi və məkanın funksional optimallaşdırılması baxımından da mühüm nümunədir. Bu yanaşma WUF13 çərçivəsində müzakirə ediləcək dayanıqlı və inklüziv şəhər modelləri ilə birbaşa səsləşir və beynəlxalq səviyyədə tətbiq oluna bilən praktik təcrübə kimi çıxış edəcək”, - deyə memar vurğulayıb.

O qeyd edib ki, ərazilərdə aparılan bərpa işlərində tarixi və mədəni irsin qorunması məsələsi daim diqqət mərkəzində saxlanılır. Mövcud abidələrin restavrasiyası və onların yeni urban mühitə inteqrasiyası kontekstual memarlığın əsas prinsiplərindən biri kimi çıxış edir. Bu yanaşma şəhərin yaddaşının qorunmasına və yeni ilə köhnə arasında balansın yaradılmasına imkan verir.

“World Urban Forum 13” Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yanaşmaları beynəlxalq platformada təqdim etmək üçün unikal imkan yaradır. Forum çərçivəsində əldə ediləcək bilik mübadiləsi, yeni texnologiyaların öyrənilməsi və əməkdaşlıqların qurulması gələcəkdə biz memarlar üçün də layihələrin daha innovativ və dayanıqlı əsaslar üzərində qurulmasına töhfə verəcək”, - deyə M.Ömərov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
azertag.az

2Sources