EN

4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində

Politoloq Heydər Oğuz Hörmüz boğazının blokadası fonunda alternativ marşrutlar barədə maraqlı fikir söyləyib. Onun qənaətincə, ABŞ və İsrail cütlüyü IMEC projesini həyata keçirməyə çalışacaq.

İMEC projesinin anlamı belədir: “Hindistandan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Yunanıstanı keçərək Avropaya açılmaq. Hörmüz boğazının bağlanması ilə Körfəz ölkələrinin iqtisadi maraqları da onları bu projeyə qoşulmağa vadar edir. Bu isə Trampın ilk hakimiyyəti dövründən indiyə qədər həyata keçirmək istədiyi “İbrahim anlaşmaları” layihəsinə tam cavab verir: zəngin ərəb dövlətlərini İsrail ətrafında birləşdirərək, onları “ortaq düşmənlər”ə qarşı hərəkətə keçirmək”.

Politoloq hesab edir ki, ABŞ-İsrail cütlüyünün bu planını pozmaq Türkiyənin əlindədir: “Söhbət incə düşünülmüş strateji yol xəritəsindən – 4 dəniz projesindən gedir. Bu layihəyə əsasən, Ərəbistan dənizi və Fars körfəzi ölkələri öz neftini və qazını Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən Türkiyəyə keçirib oradan Avropaya nəql etməlidir. 2009-ci ildə Türkiyə tərəfindən Suriya diktatoru Bəşər Əsədə təklif olunan bu proje İran və Rusiyanın müdaxiləsi ilə durduruldu, ardınca Suriyada 13 il davam edən vətəndaş müharibəsi başladı. Şükür Allaha, Türkiyə öz strateji ağlı ilə İran və Rusiyanı Suriyadan qovaraq bu əngəli aşdı. Hazırda sözügedən projeni reallaşdırmaq üçün qarşıda elə bir ciddi problem qalmayıb - Türkiyənin içərisində olan daxili müxaliflərdən başqa. Türkiyə təkcə özünün deyil, bütün regionun mənafeyi naminə bu projenin reallaşması üçün aktiv fəaliyyətə başlamalı və ərəb dünyasının yüyənini öz əlinə almalıdır”.

Onun sözlərinə görə, Türkiyə bu layihəni reallaşdıra bilsə, Hörmüz boğazında mühasirəyə düşən İran da öz enerji məhsullarını Türkiyə üzərindən Avropaya nəql etmək imkanı qazanacaq “Yəni, bu projenin reallaşması uzaq perspektivdə İranın özü üçün də faydalıdır”.

Politoloqun dediyi marşrut reallaşa bilərmi?

İqtisadçı ekspert Günay Hüseynova Musavat.com-a açıqlamasında burada müəyyən risklərin olduğunu söylədi: "İlk növbədə onu qeyd edim ki, layihənin icrası yaxın gələcək üçün qeyri-mümkündür. Bu, həm həlledici ölkənin aktivlərinin yetəri qədər olmaması ilə əlaqədardır, həm də geosiyasi gərginliyin pozulması ilə bağlıdır. Bundan əlavə, Suriyada hələ də iqtisadi baxımdan əlverişli şəraitin olmaması ilə də bu məsələni əlaqələndirmək olar.

Türkiyə iqtisadiyyatının indiki vəziyyəti məlumdur. Enerji qiymətlərinin qlobal bazarda qalxması və geosiyasi gərginlik milli valyutanı sözün əsl mənasında çətin vəziyyətdə qoyub. İdxalçı ölkə üçün belə bir vəziyyət, valyuta çatışmazlığı və ya bu layihənin icrası üçün külli miqdarda vəsait ölkə iqtisadiyyatı üçün qeyri-stabillikdir”.

Lakin ekspertə görə, əsas məsələ Suriyadır: “Orada hələ də siyasi sabitlik yoxdur. Belə bir mühitdə yatırım, layihə icrası risklidir. Digər qoşulacaq ölkələrə baxsaq, neft ixracatçısıdır və ya inkişaf etmiş ölkə statusunda olanlar, iqtisadiyyatı güclü olanlar var. Türkiyə üçün isə fərqli situasiyadır. Əsas məsələ Suriyadakı siyasi proseslərlə əlaqədardır. Əgər bu qeyd edilənlər olmasaydı, alternativ gəlir və valyuta axını üçün layihə Türkiyə iqtisadiyyatı üçün olduqca perspektivli ola bilərdi. Ancaq yaxın gələcəkdə bu mümkün deyil”.

Cavanşir ABBASLI,
Musavat.com

Chosen
23
23
musavat.com

10Sources