EN

Əgər həmin vaxt VAR sistemi olsaydı... - AÇIQLAMA

Müasir dövrdə idman texnologiya ilə sürətlə inteqrasiya olunur və bu, oyunun idarə olunmasına və keyfiyyətinə təsir edir. VAR, GPS sistemləri, süni intellekt, artıq qərarvermə və taktiki hazırlığın vacib hissəsinə çevrilib. Bununla yanaşı, texnologiyanın insan faktoruna təsiri ilə bağlı müzakirələr davam edir. Bu baxımdan sual yaranır: idmanda tətbiq olunan texnologiyalar qərarların dəqiqliyinə və oyun keyfiyyətinə necə təsir edir və süni intellekt komandaların taktiki hazırlığında nə dərəcədə rol oynayır?

Mövzu barədə veteran futbolçu Şahin Diniyev 90deqiqe.Az saytına açıqlama verib.

O bildirib ki, ümumilikdə VAR sisteminin tətbiqi ədalətin bərpa olunması istiqamətində atılan mühüm addımdır: "Bununla belə, sistemdə müəyyən boşluqlar da mövcuddur. Məsələn, yüngül təmaslar, əlin nə dərəcədə qalxması kimi epizodlar bəzən daha mübahisəli olur. Bu kimi hallarda qərar yenə də hakimin ixtiyarında qalır və insan faktoru öz rolunu oynayır. Düşünürəm ki, VAR sisteminin tətbiqi futbola ziyan deyil, əksinə, fayda verir. Sadəcə, bəzi anlaşılmaz məqamlar var və bu da daha dəqiq yanaşmaya ehtiyac yaradır. Bəzən eyni epizod üzrə bir neçə fərqli qərar mümkün olur və bu da hakimin interpretasiyasından asılıdır. Bu baxımdan, VAR ümumilikdə futbolun xeyrinə olan bir yenilikdir. Mövcud çatışmazlıqların isə zamanla aradan qalxacağı gözlənilir".

Futbol mütəxəssisi Şahin Diniyev həmçinin qeyd edib ki, süni intellekt heç vaxt insanı tam əvəz edə bilməz. O, daha çox istiqamət göstərən bir vasitədir. Futbol isə çox dinamik və hər an dəyişən bir oyundur. Bu səbəbdən süni intellektin bütün qərarları tam şəkildə idarə etməsi mümkün deyil: "Dəqiqliyin təmin olunmasında insan faktoru hələ də əsas rol oynayır. Süni intellekt nə qədər faydalı olsa da, son qərarda insan amili vacib olaraq qalır. Texnologiyanın inkişafı hakimlərin və məşqçilərin rolunu aradan qaldıra bilməz. Sadəcə olaraq, hakimlərin nəzərindən qaçan detalları VAR vasitəsilə aşkar edib onların diqqətinə çatdırmaq mümkündür və bu da səhvlərin düzəldilməsinə kömək edir.

Məsələn, xatırlasaq, dünya çempionatında İngiltərənin oyununda Frank Lampardın vurduğu top təxminən yarım metr qapı xəttini keçmişdi. Əgər həmin vaxt VAR və ya qol texnologiyası tətbiq olunsaydı, bu qol qeydə alınardı. Bu cür nümunələr göstərir ki, texnologiyanın tətbiqi futbol üçün mühüm dəstəkdir.

Məşqçilər üçün də süni intellekt daha çox istiqamətverici rol oynaya bilər. Hər məşqçinin özünəməxsus oyun sistemi və strategiyası var. Süni intellekt isə bu strategiyaların inkişaf etdirilməsində əlavə vasitə kimi istifadə oluna bilər.

Ümumilikdə qeyd etmək olar ki, bu gün bütün sahələrdə olduğu kimi, futbol da inkişaf edir. Bu istiqamətdə həm FIFA, həm də UEFA müxtəlif yeniliklər tətbiq etməyə çalışır. Xüsusilə ofsayd qərarları, təmasların qiymətləndirilməsi, qırmızı vərəqələr və oyunun ləngidilməsi kimi hallarla bağlı daha dəqiq və ədalətli mexanizmlərin yaradılması hədəflənir. Bu da öz növbəsində futbolun daha dinamik və intensiv olmasına şərait yaradır".

Fəxriyyə Adil

Chosen
16
90deqiqe.az

1Sources