Çinin bir neçə dövlət aviaşirkəti aviasiya yanacağının qlobal qiymətlərinin kəskin artması səbəbindən ölkədə ən sıx turizm mövsümlərindən biri ərəfəsində beynəlxalq reysləri kütləvi şəkildə ləğv etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Sərnişinlər bildiriblər ki, ləğvlər Cənub-Şərqi Asiya və Avstraliya istiqamətlərinə təsir edib. Xüsusilə, istifadəçilər "China Eastern Airlines" və "Sichuan Airlines" şirkətlərinin uçuşlarının ləğv edildiyini bildiriblər ki, bu da artıq səyahətçilər üçün ciddi narahatlıqlara səbəb olub. Bəzi sərnişinlər reyslərinin ləğv edilməsi barədə səfərdən bir neçə həftə əvvəl, bir sıra hallarda isə, demək olar ki, son anda məlumat aldıqlarını və bunun onların iş və təhsil planlarını pozduğunu qeyd ediblər. Aviaşirkətlər ləğvləri təsdiqləyərək bunu siyasətin tənzimlənməsi ilə izah ediblər, lakin ətraflı səbəblər açıqlanmır.
Qeyd olunub ki, vəziyyət Çində ənənəvi daxili və beynəlxalq səfərlərin həcminin kəskin artdığı beşgünlük may tətili olan "Qızıl həftə"nin yaxınlaşması fonunda cərəyan edir.
"Cebheinfo.az"