EN

Qloballaşmanın sonu? Dünya iqtisadiyyatı bloklara bölünür...

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illərdə baş verən tendensiyalar onu göstərdi ki, beynəlxalq iqtisadi sistem artıq klassik qloballaşma modelindən tədricən uzaqlaşır. Xüsusilə 2020-ci ildən sonra böyük güclər arasında artan strateji rəqabət və regional münaqişələrin intensivləşməsi dünya iqtisadiyyatını vahid bazar modelindən rəqabət aparan iqtisadi bloklar sisteminə transformasiya edir. 2026-cı ildə İran, İsrail və ABŞ arasında baş verən hərbi qarşıdurma isə bu prosesi sürətləndirən əsas geosiyasi katalizatorlardan biridir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda beynəlxalq iqtisadi sistemdə şərti olaraq üç əsas blokun formalaşdığını qeyd etmək mümkündür: “ABŞ və onun müttəfiqlərindən ibarət Qərb iqtisadi məkanı beynəlxalq ÜDM-in təxminən 48–52%-ni təşkil edərək texnologiya, maliyyə və innovasiya sahələrində dominant mövqeyini qorumağa davam edir. Çin mərkəzli Asiya bloku isə beynəlxalq istehsal və tədarük zəncirlərinin əsasını təşkil edir. Çin təkbaşına dünya ÜDM-nin təxminən 18%-ni formalaşdırır. Bununla yanaşı, BRICS və Avrasiya məkanında resurs əsaslı və alternativ inteqrasiya modelləri güclənərək daha çox siyasi-iqtisadi koordinasiya platformasına çevrilib. 2026-cı ildə İran, İsrail və ABŞ arasında hərbi eskalasiyanın genişlənməsi bu tendensiyanı daha da dərinləşdirmişdir”.

İqtisadçı hesab edir ki, münaqişə beynəlxalq iqtisadi artım proqnozlarının təxminən 3.1%-ə qədər geriləməsinə səbəb olub. Ən ciddi təsirlər isə enerji bazarlarında müşahidə olunur. Qiymətlərdə dalğalanmalar artır, logistika xərcləri yüksəlir və tədarük zəncirlərində fasilələr dərinləşir. Bu isə inflyasiya təzyiqlərini gücləndirərək həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün əlavə risklər yaradır.

Əli Səlimovun sözlərinə görə, iqtisadi bloklaşmaların dərinləşməsinə baxmayaraq, ABŞ dolları hələ də qlobal hesablaşmaların əsas valyutası olaraq qalır və payı təxminən 55–60% intervalında qiymətləndirilir. Lakin son hadisələrin nəticəsi olaraq alternativ valyutalara maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Çin, Rusiya və BRICS ölkələri arasında milli valyutalarla ticarətin genişlənməsi və alternativ ödəniş sistemlərinin formalaşdırılması dolların nisbi üstünlüyünü tədricən zəiflədir. İqtisadçının fikrincə, bu proses davam edərsə, beynəlxalq maliyyə sistemində dolların qlobal gücünün zəifləməsi daha da sürətlənəcək.

Enerji sektorunda isə bazar mexanizmlərinin rolu nisbi olaraq zəifləyir və geosiyasi faktorlar daha dominant mövqeyə keçir. Avropa ölkələri enerji mənbələrini sürətlə diversifikasiya etməyə çalışdığı halda, Asiya ölkələri uzunmüddətli müqavilələr və alternativ marşrutlar vasitəsilə riskləri minimallaşdırmağa yönəlir. Bu da enerji ticarətinin getdikcə daha çox geosiyasi loyallıq və təhlükəsizlik prioritetləri əsasında formalaşmasına imkan verir.

“Dünya iqtisadiyyatı artıq vahid və yüksək dərəcədə inteqrasiya olunmuş sistemdən çox, rəqabət aparan iqtisadi blokların qarşılıqlı təsiri ilə formalaşan yeni mərhələyə daxil olur. İran, İsrail və ABŞ qarşıdurması kimi geosiyasi şoklar bu transformasiyanı sürətləndirərək qlobal iqtisadi sabitlik üçün əlavə risklər yaradır”, – deyən Əli Səlimov bildirib ki, qarşıdakı dövrdə əsas məsələ yalnız hansı blokun üstünlük qazanacağı deyil, həm də bu parçalanmanın beynəlxalq rifah, məhsuldarlıq və uzunmüddətli iqtisadi dayanıqlıq üzərində yaradacağı təsirlərin miqyası olacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
50
bizimyol.info

10Sources