EN

Təhsil ocaqları niyə təhlükəli məkana çevrilir?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Son dövrlərdə məktəblərdə baş verən zorakılıq halları artıq tək-tək insident kimi deyil, ciddi sosial problem kimi diqqət çəkir.

Türkiyənin Kahramanmaraş şəhərində baş verən son faciə bunu bir daha açıq şəkildə göstərdi, bir şagirdin törətdiyi hücum nəticəsində bir neçə nəfər həyatını itirdi, çox sayda insan yaralandı.

Bu hadisə cəmiyyətə ağır mesaj verdi: məktəblər artıq yalnız təhsil məkanı deyil, həm də risk zonasıdır. Azərbaycanda da son illər məktəblərdə bıçaqlanma və başqa zorakılıq halları qeydə alınır. Bu da təhlükənin bizdən uzaq olmadığını göstərir.

Mütəxəssislərin fikrincə, rəqəmsal asılılıq və nəzarətsiz internet istifadəsi gənclərin psixoloji inkişafına ciddi təsir göstərir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə baş verən hadisələr cəmiyyət üçün ciddi narahatlıq doğurur.

O deyib: “Əslində, bu məsələ ilə bağlı mən illərdir xəbərdarlıqlar edirəm. Müşahidələr göstərir ki, vəziyyət getdikcə daha da mürəkkəbləşir. Türkiyədə baş verən son hadisələr də bu təhlükənin real olduğunu bir daha təsdiqləyir. Mövcud tendensiyalar onu deməyə əsas verir ki, yaxın dövrdə bu cür halların artması ehtimalı yüksəkdir və Azərbaycan da bu risklərdən kənarda deyil”.

Ceyhun Məmmədov həmçinin deyib ki, burada əsas problemlərdən biri rəqəmsal asılılıq və nəzarətsiz internet istifadəsidir. Bu amillər gənclərin psixoloji və sosial inkişafına ciddi təsir göstərir: "Təəssüf ki, hazırda bu sahədə sistemli və ardıcıl tədbirlərin görülmədiyi müşahidə olunur. Halbuki vəziyyət daha ciddi nəzarət və koordinasiyalı yanaşma tələb edir" .

Deputatın fikrincə, problemin başqa tərəfi isə maarifləndirmə işlərinin zəif aparılması ilə bağlıdır: "Bu gün valideynlər də, bütövlükdə cəmiyyət də bu haqda kifayət qədər məlumatlı deyil. Valideynlər müxtəlif səbəblərdən övladlarına az vaxt ayırır, bəzən isə özləri də rəqəmsal asılılığın təsiri altına düşürlər. Nəticədə vəziyyət getdikcə daha da gərginləşir və risklər artır".

Ceyhun Məmmədovun sözlərinə görə, valideynlərlə davamlı iş aparılması vacibdir: "Maarifləndirmə və təbliğat tədbirləri genişləndirilməli, məktəblərdə uşaqlara rəqəmsal savadlılıq barədə sistemli məlumat verilməlidir. Əks halda, gələcəkdə daha ağır sosial problemlərlə üzləşmək qaçılmaz olacaq".

Deputat onu da əlavə edib ki, internet və sosial media bəşəriyyətin mühüm nailiyyətlərindən biridir, lakin bu imkanlardan düzgün istifadə olunmadıqda, ciddi fəsadlar yarana bilər: "Bu səbəbdən müəyyən məhdudiyyətlərin tətbiqi, nəzarət mexanizmlərinin gücləndirilməsi və informasiya filtrlərinin yaradılması zəruridir. İndidən lazımi addımlar atılmazsa, gələcək daha mürəkkəb və çətin ola bilər. Bu problem yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dünyanın qarşılaşa biləcəyi ciddi çağırışdır".

Ceyhun Məmmədovun fikrincə, cəmiyyət olaraq bütün resursları səfərbər edib, gələcək nəsli qorumaq üçün məqsədyönlü və davamlı işləmək vacibdir".

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
bizimyol.info

1Sources