EN

İstəyirəm ki, Azərbaycan gəncləri ixtisas seçimini təsadüfi deyil, şüurlu etsinlər MÜSAHİBƏ

Stokholm, 18 aprel, AZƏRTAC

Bu gün Azərbaycan gəncləri getdikcə daha fəal şəkildə xaricdə təhsil alır, müxtəlif ölkələrdə həyat və karyera qurur, üfiqlərini genişləndirir və dəyərli beynəlxalq təcrübə toplayırlar. Həmvətənlərimizi yalnız bilik və şəxsi inkişaf istəyi deyil, eyni zamanda, Azərbaycana faydalı olmaq arzusu da fərqləndirir. Yeni biliklər əldə edərək və qabaqcıl təcrübələri mənimsəyərək, onlar bunları Vətəndə bölüşmək, ətrafdakıları ruhlandırmaq və cəmiyyətin, ölkənin gələcəyinin inkişafına töhfə vermək istəyirlər.

Onlardan biri də İsveçdə yaşayan və Malmö Universitetində Təhsil və peşə yönləndirilməsi ixtisası üzrə bakalavr təhsili alan, hazırda ikinci kursda oxuyan Məsumə Rüstəmlidir.

AZƏRTAC-ın müxbirinə müsahibəsində Məsumə bu ixtisasın əhəmiyyəti və Azərbaycanın gələcəyi üçün rolundan danışır.

- Məsumə, “Təhsil və peşə yönləndirilməsi” nədir?

- Təhsil və peşə yönümü yalnız ixtisas seçimi ilə məhdudlaşan sahə deyil. Bu, təkcə “Kim olmaq istəyirsən?” sualından daha geniş məna daşıyır. Əsas məqsəd insanın özünü, maraqlarını, qabiliyyətlərini və potensialını daha yaxşı anlamasına kömək etməkdir ki, o, həyat yolunu şüurlu şəkildə seçə bilsin.

Fikrimcə, bu sahə yalnız ayrı-ayrı şəxslərin karyerasına deyil, bütövlükdə cəmiyyətin və hətta ölkənin gələcəyinə birbaşa təsir göstərir. Çünki gələcək gənclərin əlindədir. Gənclər düzgün istiqamətləndirilsə, maraqlarına uyğun ixtisas və peşə seçsə və işlərini sevərək yerinə yetirsə, bu, ölkənin inkişafına birbaşa təsir edər.

Burada yalnız peşənin özü deyil, insanın işini sevgi, anlayış və peşəkarlıqla görməsi də vacibdir. Məhz bu məqamda təhsil və peşə yönümü ön plana çıxır.

 
- Bu istiqamət konkret olaraq insanlara necə kömək edir?

- Bu istiqamət insanlara təsadüfi deyil, şüurlu qərarlar qəbul etməyi öyrədir və proses mərhələli şəkildə hələ məktəb illərindən başlayır.

Ən vacib mərhələ orta məktəb dövrüdür. Bu mərhələdə əvvəlcə ümumi, daha sonra isə getdikcə dərinləşən şəkildə mümkün təhsil istiqamətləri barədə məlumat verilir.

Sonra proses universitetdə davam edir. Belə ki, tələbələrə karyera planlaşdırılması, iş axtarışı və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı dəstək göstərilir.

Bu sistemin ən güclü tərəfi isə yalnız seçim etməyi deyil, seçim etməzdən əvvəl düşünməyi öyrətməsidir. Xüsusilə də IX sinifdən etibarən şagirdlərin müxtəlif peşələrlə tanış olması və müəyyən praktik təcrübə qazanması vacibdir.

Bu halda gənclər seçimi öz real maraq və təcrübələrinə əsaslanaraq edirlər. Bu isə daha əsaslı, dayanıqlı və uğurlu karyera qərarlarına gətirib çıxarır.

- Bu istiqamət olmadıqda nə baş verir?

- Belə bir istiqamət olmadıqda seçim çox vaxt təsadüfi olur. Gənclər ixtisas və peşəni öz maraq və qabiliyyətlərinə görə deyil, cəmiyyətin təsiri, ailənin tövsiyələri və ya topladıqları ballara əsasən seçirlər.

Nəticədə onların çoxu sonradan seçdikləri ixtisasdan narazı qalır, onu dəyişir və ya ümumiyyətlə, motivasiyasını itirirlər. Bu, yalnız fərdi problem deyil, cəmiyyət üçün də ciddi nəticələr doğuran amildir.

Belə halda əmək bazarında işini sevən və peşəkar fəaliyyət göstərən insanlar deyil, təsadüfən bu sahəyə düşən şəxslər formalaşırlar ki, bu da həm keyfiyyətə, həm də ümumi inkişaf səviyyəsinə təsir edir.

Əslində məsələ sadədir: insanlar öz yerlərini tapmadıqda, cəmiyyət də potensialını tam reallaşdıra bilmir.

 
 
- Bu sistemi Azərbaycanda necə qurmaq olar?

- Hesab edirəm ki, bunun üçün ilk və ən vacib addım bu istiqamətin ali təhsil səviyyəsində ayrıca ixtisas kimi formalaşdırılmasıdır. Yəni təhsil və peşə yönləndirilməsi əvvəlcə universitetlərdə müstəqil ixtisas kimi təqdim olunmalı, sonra praktikada bütöv bir peşəyə çevrilməlidir.

Əslində bunun üçün tamamilə yeni sistem yaratmağa ehtiyac yoxdur. Bu istiqamətin əsasını artıq universitetlərdə tədris olunan pedaqogika, psixologiya və kommunikasiya kimi sahələr təşkil edir. Sadəcə bu biliklər sistemli şəkildə birləşdirilməlidir ki, müasir və vahid ixtisas formalaşsın.

Bu ixtisasın məzunları məktəblərdə və digər təhsil müəssisələrində çalışaraq bu yanaşmanı praktikada tətbiq edə bilərlər. Beləliklə, həm nəzəri, həm də praktik səviyyədə dayanıqlı model qurmaq mümkündür.

- Siz bu ixtisasın Azərbaycanda formalaşmasına necə təsir göstərə bilərsiniz?

- Mənim əsas məqsədim Azərbaycanda təhsil və peşəyönümü istiqamətini populyarlaşdırmaq və onun inkişafına töhfə verməkdir. İstəyirəm ki, gənclər ixtisas və peşə seçimini təsadüfi deyil, şüurlu etsinlər.

Uzunmüddətli perspektivdə məqsədim bu istiqamətin Azərbaycanda sistemli şəkildə yaradılmasına və tətbiqinə töhfə verməkdir. Mənim üçün bu, sadəcə bir ixtisas deyil, gələcək məqsədim və Vətənə bağlılığımın bir hissəsidir. Xaricdə əldə etdiyim bilik və təcrübənin yalnız şəxsi inkişafımla məhdudlaşmasını istəmirəm. Əksinə, onları Azərbaycanda bu sahənin inkişafı və tətbiqi üçün istifadə etməyə çalışıram.

Azərbaycan mənim üçün sadəcə doğulduğum yer deyil. Bu, məsuliyyət hiss etdiyim və dəyişikliklər yaratmaq istədiyim cəmiyyətdir. Xüsusilə gənclərin gələcəkləri ilə bağlı daha şüurlu və dəstəklənmiş qərarlar qəbul etməsi mənim üçün çox vacibdir.

Mən bu istiqamətdə fəal işləyir, tədqiqatlar aparır, ideyalar üzərində çalışır və müxtəlif təşəbbüslərdə iştirak edirəm. Təhsil və peşə yönləndirilməsi üzrə təhsil alan tələbə kimi bu sahədə mümkün olan hər şeyi etməyə hazıram və artıq müəyyən addımlar atmışam. Xüsusilə bu ideyanı layihə şəklinə salaraq aidiyyəti qurumlara təqdim etmişəm.

Bundan əlavə, İsveçdə bu sahədə çalışan müəllimlərimlə və mütəxəssislərlə əlaqələrim sayəsində gələcəkdə əldə etdiyim bilik və beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırıram.

İnanıram ki, düzgün yanaşma ilə uzunmüddətli perspektivdə bu sahədə güclü və dayanıqlı sistem yaratmaq mümkündür.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Chosen
32
azertag.az

1Sources