EN

Politoloq: Azərbaycan Antalya Forumunda aktiv və təşəbbüskar mövqeyi ilə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir- ŞƏRH

Bakı, 18 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində qlobal dialoq platformalarının əhəmiyyəti getdikcə artır. Bu baxımdan Antalya Diplomatiya Forumu dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirən mühüm platformalardan biri kimi çıxış edir. Forum çərçivəsində müzakirə olunan mövzular qlobal təhlükəsizlik, enerji siyasəti, regional münaqişələr və beynəlxalq əməkdaşlıq kimi aktual məsələləri əhatə edir. Azərbaycanın bu forumdakı iştirakı isə ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu forumda ilk növbədə regional sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri ilə diqqət çəkir. Cənubi Qafqazda yeni reallıqlar fonunda ölkəmiz sülhün bərqərar olunması, əməkdaşlıq mühitinin formalaşdırılması və uzunmüddətli inkişafın təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasət forum iştirakçıları tərəfindən də maraqla qarşılanır və müzakirə olunur.

“Eyni zamanda Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi çıxış edir. Avropanın enerji xəritəsində mühüm yer tutan ölkəmiz təbii qaz ixracı və alternativ enerji layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verir. Forum çərçivəsində bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın strateji rolunu bir daha ön plana çıxarır.

Digər mühüm məqam Azərbaycanın nəqliyyat-logistika sahəsində artan əhəmiyyətidir. Orta Dəhliz kimi əhəmiyyətli layihələr vasitəsilə ölkəmiz Şərq ilə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilməkdədir. Bu isə qlobal ticarətin inkişafına və regionlararası əlaqələrin güclənməsinə xidmət edir”, - deyə Ə.İbrahimli diqqətə çatdırıb.

Politoloq, həmçinin vurğulayıb ki, nəticə etibarilə ölkəmiz 5-ci Antalya Diplomatiya Forumunda aktiv və təşəbbüskar mövqeyi ilə seçilərək, həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bu iştirak ölkəmizin beynəlxalq arenada söz sahibi kimi mövqeyini daha da möhkəmləndirir və gələcək əməkdaşlıqlar üçün geniş imkanlar yaradır.

 

Chosen
36
azertag.az

1Sources