EN

“Ordu” komandası voleybol üzrə Yüksək Liqada ikinci yeri tutub

Bakı, 18 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumları arasında təşkil olunan kişilər arasında Yüksək Liqa voleybol turnirinin final mərhələsi başa çatıb. Həlledici görüşdə Fövqəladə Hallar Nazirliyinin (“Xilasedici”) və Müdafiə Nazirliyinin (“Ordu”) komandaları qarşılaşıb.

Müdafiə Nazirliyinin rəhbər heyətinin də iştirak etdiyi final oyunu gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər iki komanda oyun ərzində peşəkarlıq nümayiş etdirərək qələbə uğrunda əzmkarlıqla mübarizə aparıb. Oyunun birinci setində qalib gələn “Ordu” komandası, növbəti setlərdə məğlub olaraq turnirin ikincisi olub.

Turnirin əsas məqsədi dövlət qurumları arasında idmanın inkişafına dəstək vermək, əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək və dostluq münasibətlərini möhkəmləndirməkdir.

Yarışın sonunda qalib komandaya kubok, digər yüksək pilləni tutan komandalara medallar təqdim edilib.

Qeyd edək ki, bu kimi idman tədbirlərinin keçirilməsi ölkədə kütləvi idmanın inkişafına və idman mədəniyyətinin genişlənməsinə mühüm töhfə verir.

Chosen
30
1
azertag.az

2Sources