Şənbə günü ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə əsas vəzifəli şəxslərlə təcili iclas keçirib.
Musavat.com xəbər verir ki, görüşə səbəb Tehranla münasibətlərdə gərginliyin yeni mərhələyə qədəm qoyması və İranın Hörmüz boğazını tamamilə bağlayacağı ilə bağlı yenidən səsləndirdiyi hədələr olub.
“Axios” nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, rəsmi bəyanatların pərdəarxasında yüksək rütbəli məmurlar diplomatik müstəvidə müəyyən irəliləyişlərin olduğunu qeyd edirlər. Söhbət nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi məsələləri üzrə danışıqlardakı uğurlardan gedir. Buna baxmayaraq, tərəflər arasında hələ də fundamental fikir ayrılıqları qalmaqdadır.
Eyni zamanda, İran Prezidenti Ofisinin ictimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbatəbai şənbə günü verdiyi açıqlamada ölkəsinin xoş məram nümayişi olaraq Hörmüz boğazından şərti keçidə icazə verdiyini, lakin sonradan bu qərarı ləğv etdiyini bildirib. O, bu addımı qarşı tərəfin "etimadı sarsıtması" və güzəştdən sui-istifadə etməsi ilə əlaqələndirib.
Təbatəbai "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"İslam Respublikası xoş məramını və sülhə sadiqliyini nümayiş etdirmək üçün Hörmüz boğazından şərti keçid imkanı yaratmışdı. Lakin etimadın növbəti dəfə pozulması və bu mühüm güzəştdən təbliğat məqsədilə istifadə edilməsi su yolunun yenidən bağlanmasına səbəb oldu".
Musavat.com