ABŞ-İran danışıqlarının ikinci raundu öncəsi tərəflər dialoq yox, savaş ritaorikasına keçiblər. Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Vahid Əhmədi ölkəsinin ABŞ ilə danışıqlardan böyük gözləntisinin olmadığını və qarşı tərəfə heç bir etimad bəsləmədiklərini bəyan edib.
Vahid Əhmədi bildirib ki, İran dialoqa yalnız "xoş məram" nümayiş etdirmək üçün daxil olub. Lakin o, Vaşinqtonun səmimiyyətinə inanmadıqlarını və danışıqların uğuruna böyük ümid bəsləmədiklərini vurğulayıb.
İranlı deputatın sözlərinə görə, indi seçim etmək növbəsi Amerikadadır. Vaşinqton ya İranın irəli sürdüyü fundamental tələbləri (nüvə hüquqları və dəniz blokadasının ləğvi) qəbul etməli, ya da gərginliyin artmasına hazır olmalıdır.
Əhmədi müharibə ilə hədələməkdən də çəkinməyib: “"Əgər ABŞ bizim şərtlərimizlə razılaşmasa, İslam Respublikası heç bir tərəddüd etmədən öz kursunu və müharibəni davam etdirəcək".
Qarşı tərəfdən cavab özünü gözlətməyib. ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında deyib ki, İrana qarşı blokadanı lazım olduğu qədər davam etdirəcəyik.
Amerikalı nazir də müharibə ilə hədələyib: “ABŞ ordusu blokadadan döyüş vəziyyətinə çox cəld və güclü şəkildə keçə bilər. Müharibə Nazirliyi İranın heç vaxt nüvə silahına sahib olmayacağını zəmanət altına alacaq. Biz bunu xoşluqla etmək istəyərik, zor gücünə də edə bilərik”.
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, hər iki tərəf danışıqlar masasına güclü əllə və psixoloji üstünlüklə əyləmək istəyir. Müharibə hədələri və əslində qarşı tərəfin qəbul etməyəcəyi şərtlərin irəli sürülməsi bununla bağlıdır.
Ekspertin fikrincə, eyni zamanda bu ritorika danışıqların asan keçməyəcəyi və yenə də problemi həll etməyəcəyi ehtimalını gücləndirir: “Verilən bəyanatlar ABŞ ilə İran arasında müharibənin bitmədiyini açıq göstərir. Sadəcə olaraq silahlar müvəqqəti susub. Lakin belə görünür ki, hər an müharibənin üçüncü fazası başlaya bilər. Birinci faza keçən il 12 gün, ikincisi mart ayında 38 gün çəkdi. Növbətisi daha ağır olacaq”.
Etibar Seyidağa,
Musavat.com