EN

Zelenski silahlı hücumda ölənlərin sayını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə baş verən silahlı hücum və supermarketdəki girov böhranı nəticəsində həlak olanların sayının 5 nəfərə yüksəldiyini açıqlayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında hadisə ilə bağlı son məlumatları paylaşıb.

O, bildirib ki, mülki şəxslərə atəş açan və müştəriləri girov götürən cinayətkar xüsusi təyinatlıların əməliyyatı nəticəsində məhv edilib:

“Bütün hallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Həlak olanların ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, hadisə aprelin 18-də günorta saatlarında başlayıb. 1968-ci il təvəllüdlü, rusəsilli Ukrayna vətəndaşı Dmitri Vasilyeviç Vasılçenkov “Kel-Tec SUB-2000” markalı yarımavtomat silahla əvvəlcə küçədə yoldan keçənlərə atəş açıb. Daha sonra o, Demiivska metro stansiyası yaxınlığındakı supermarketə daxil olaraq dörd nəfəri girov götürüb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, hüquq-mühafizə orqanları əvvəlcə cinayətkarla danışıqlar aparmağa çalışsalar da, o, təslim olmaqdan imtina edib. Xüsusi təyinatlıların mağazaya basqını zamanı Vasılçenkov polisə atəş açdığı üçün yerindəcə öldürülüb. Əməliyyat nəticəsində dörd girovun hamısı sağ-salamat xilas edilib.

Yerli media yazır ki, hazırda xəstəxanalarda 10 yaralının müalicəsi davam edir, onlardan bəzilərinin vəziyyəti ağırdır. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hücumun motivlərini və hadisənin hər hansı kənar qüvvələrlə əlaqəli olub-olmadığını araşdırır.

Chosen
15
3
olke.az

4Sources