ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 17-də ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında 10 günlük atəşkəs razılaşması qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail Livanın cənubunda 10 kilometrlik “təhlükəsizlik zonası”nı saxlamaqla yanaşı, istənilən an özünümüdafiə hüququ da qalmaqdadır. Buna qarşılıq, Livan hökuməti “Hizbullah”ın İsrail hədəflərinə hücumlarının qarşısını almaq üçün “mənalı addımlar” atmağı öhdəsinə götürüb.
Atəşkəs ərəfəsində İsrail ordusu Livanda 1400-dən çox binanı dağıdıb və Bint Cbeyl, Xiyam, Nəqurə kimi strateji əraziləri ələ keçirib. Hərbi əməliyyatlar nəticəsində Livanda 2000-dən çox insan həyatını itirib.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, məsələ təkcə İsrail-Livan münaqişəsi deyil, bu, daha böyük bir geosiyasi düyünün parçasıdır:
“İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Livandan çıxmayacağını açıqlayıb. Hədəf “Hizbullah”ın tam tərksilah edilməsi və İsrailin şimal sərhədlərinin təhlükəsizliyinin təmin olunmasıdır.
Livanın hədəfi işğal olunmuş ərazilərdən İsrail qoşunlarının çıxarılması, beynəlxalq yardımın artırılması və yerdəyişmə məcburiyyətində qalan minlərlə livanlının geri qayıtmasıdır.
“Hizbullah” atəşkəsə razılıq versə də, bildirib ki, işğal davam etdikcə müqavimət də davam edəcək. Təşkilat istənilən pozuntunu cavabsız qoymayacağını vurğulayır.
İran uzun müddətdir atəşkəsin Livana da şamil olunmasını tələb edirdi. Tehran üçün “Hizbullah” ən dəyərli regional müttəfiqdir və onun müdafiəsi danışıqlarda əsas şərtlərdən biri olub.
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət üçün Livanda atəşkəs həm də İranla danışıqlarda diplomatik rıçaqdır. Bu atəşkəs təcrid olunmuş hadisə deyil, ABŞ-la İran arasında atəşkəs, Hörmüz boğazının bağlı qalması və hətta Ukrayna müharibəsi ilə bir-birinə bağlıdır. Bir cəbhədə baş verən pozuntu digər cəbhələrə ani təsir göstərir.
Eyni zamanda, “superpozisiya” vəziyyəti mövcuddur: münaqişə eyni anda həm atəşkəsə doğru gedə, həm də yenidən alovlana bilər. İndiki məqamda hər iki ehtimal eyni dərəcədə realdır. Sistem dekoherentləşənə qədər – yəni birmənalı nəticə ortaya çıxana qədər – bütün variantlar mümkündür”.
Rüstəm Tağızadə
Politoloq qeyd edib ki, İsrail Livanda 10 kilometrlik təhlükəsizlik zonası tuta bilər, amma “Hizbullah”ı oradan silmək mümkün deyil:
“Səbəb sadədir: coğrafiya. Livanın cənubu təpəlik, mürəkkəb və şiə əhalinin sıx yaşadığı bir ərazidir. “Hizbullah”ın döyüşçüləri bu kəndlərdən çıxmayıb – onlar öz evlərindədirlər. İsrail F-35-lərlə göydə nə qədər gəzərsə-gəzsin, yeraltı tunelləri, raket buraxıcılarını və minlərlə döyüşçünü məhv edə bilməz. Coğrafiya İsrailə deyir: “Sən bu torpaqları qısa müddətə işğal edə bilərsən, amma heç vaxt sahiblənə bilməzsən”. “Hizbullah” üçün isə coğrafiya deyir: “Sənin gücün budur – dayan, gözlə və İsrailin bir gün çıxıb gedəcəyini bil”.
Bu atəşkəs olsa da, olmasa da, münaqişə coğrafiyanın qoyduğu sərhədlər daxilində qalacaq. Dəyişən əsaslı bir şey olmayacaq. 10 günlük atəşkəs heç bir problemi həll etmir. Bu, çox oyunçulu geosiyasi oyunda müvəqqəti tarazlıq – bir “superpozisiya”dır.
İsrail “Hizbullah”ı tərksilah etməyib, qruplaşmanın hərbi potensialını qoruyub, Livan öz ərazisinin bir hissəsində suverenliyini itirib”.
Turan Rzayev
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.