EN

Professor: Azərbaycan ərazisində şəhər mədəniyyəti eramızdan əvvəlki dövrlərdən formalaşmağa başlayıb

Bakı, 19 aprel, AZƏRTAC

Şəhər hər bir xalqın dövlətçilik ənənələrini və mədəni inkişaf səviyyəsini özündə cəmləşdirən mühüm göstəricilərdən biridir. Onun formalaşması və inkişafı yalnız memarlıq və infrastruktur məsələsi deyil, eyni zamanda, siyasi idarəetmə, sosial təşkilatlanma və mədəni kimliyin təzahür formasıdır. Bu baxımdan Azərbaycanın şəhərsalma tarixi ölkənin dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunu təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı dövlət Universitetinin (BDU) professoru Boran Əziz səsləndirib.

Professor bildirib ki, tarixi mənbələr və arxeoloji tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində şəhər mədəniyyəti eramızdan əvvəlki dövrlərdən etibarən formalaşmağa başlayıb və müxtəlif sivilizasiyaların təsiri ilə inkişaf edib. Bunların bir qismi arxeoloji qazıntılar nəticəsində üzə çıxarılıb, digərləri isə öz tarixi memarlıq strukturlarını qoruyub saxlayır. Sonrakı dövrlərdə Azərbaycanın şəhərləri ticarət yolları üzərində mühüm strateji məntəqələr kimi çıxış edərək, beynəlxalq miqyasda əlaqələrin genişlənməsinə töhfə verib.

Onun sözlərinə görə, şəhərsalma prosesi hər zaman dövlətin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Çünki şəhərlər dövlətin siyasi gücünü, iqtisadi potensialını və mədəni nüfuzunu nümayiş etdirən mərkəzdir. Buna görə də onların planlaşdırılması, inkişafı və bərpası məsələləri strateji dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Bu kontekstdə Azərbaycanın şəhərsalma təcrübəsi həm milli, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir.

B.Əziz qeyd edib ki, Ağdam, Füzuli və digər şəhərlərin tamamilə dağıdılmış vəziyyətdən müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulması Azərbaycanın dövlət olaraq öz milli prioritetlərinə sadiqliyini nümayiş etdirir. Xüsusilə son illərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ölkənin urbanizasiya siyasətində yeni mərhələnin başlandığını göstərir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq prosesi təkcə fiziki infrastrukturun deyil, həm də tarixi ədalətin bərpası, sosial sabitliyin təmin olunması və regional inkişafın stimullaşdırılması baxımından mühüm siyasi və strateji əhəmiyyət kəsb edir. Bu prosesdə milli memarlıq üslubunun qorunması, mədəni irsin bərpası və şəhərlərin tarixi kimliyinin yenidən formalaşdırılması əsas prinsip kimi qəbul olunur. Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın innovativ inkişaf modelinə keçidini göstərir. Bu strateji yanaşma Azərbaycanın uzunmüddətli inkişaf vizionunun tərkib hissəsidir və ölkənin regionda sabitlik, əməkdaşlıq və inkişaf mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Şəhərsalma sahəsində əldə edilən təcrübə artıq beynəlxalq platformalarda maraqla qarşılanır və müxtəlif ölkələrlə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan, WUF-13 Azərbaycanın qlobal şəhərsalma dialoqunda rolunun gücləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Forum yalnız şəhər planlaşdırılması və urban inkişaf məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni strateji yanaşmaların formalaşdırılması üçün diplomatik məkandır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir.

Chosen
30
azertag.az

1Sources