EN

Bakıda ev yaran keçmiş məhkumun pulu və əşyaları oğurlandı - MƏHKƏMƏ

Nəsimi Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Katib Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, Katib Məlikov 20 may 2025-ci il tarixdə, saat 15 radələrində zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı mənzilin giriş qapısının açıq qalmasından istifadə edərək həmin ünvana qanunsuz daxil olub. O, əvvəlcə mənzilin dəhlizində yerləşən dolabın üzərindən zərərçəkmiş şəxsə məxsus, dəyəri 100 manat olan “Nokia” markalı mobil telefonu götürüb.

 

Daha sonra qonaq otağına keçən Katib oturacağın üzərində olan sellofan torbada saxlanılan pul və zinət əşyalarını ələ keçirib. Belə ki, torbanın içərisində həmin günün məzənnəsinə görə ümumilikdə 18 700 manat təşkil edən 11 000 ABŞ dolları, 4 000 manat dəyərində 585 əyarlı qızıl üzük və sırğadan ibarət dəst, eləcə də 1 000 manat dəyərində 585 əyarlı “5-lik” qızıl sikkə olub. Təqsirləndirilən şəxs qeyd olunan əmlakı gizli şəkildə talayaraq hadisə yerindən uzaqlaşıb.

 

Nəticədə zərərçəkmiş F.F.-ə ümumilikdə 23 800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.

 

Məhkəmə iclasında ifadə verən Katib Məlikov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunub, daimi yaşayış yeri və sabit gəliri olmadığından təsadüfi işlərlə məşğul olub. Maddi çətinlik səbəbindən oğurluq etməyə qərar verdiyini söyləyən təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü binaya daxil olaraq açıq qapını görüb və mənzildə heç kimin olmadığını düşünərək oğurluq edib.

 

Onun sözlərinə görə, mənzildən götürdüyü əmlakı sonradan araşdırarkən torbada pul və qızıl zinət əşyaları olduğunu müəyyən edib. Katib Məlikov oğurladığı 700 ABŞ dollarından 200 dollarını dəyişərək şəxsi ehtiyaclarına xərclədiyini, qalan pul və əşyaların isə sonradan naməlum şəraitdə ondan oğurlandığını iddia edib.

 

İfadəsində o da bildirilib ki, hadisədən sonra müxtəlif ərazilərdə qalıb, daha sonra polis tərəfindən axtarıldığını öyrənib. Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılarkən cinayət məsuliyyətindən yayınmaq məqsədilə özünə xəsarət yetirməyə cəhd edib, lakin polis əməkdaşlarının müdaxiləsi ilə bu halın qarşısı alınıb və o, tibbi yardımdan sonra istintaqa təhvil verilib.

 

Sonda Katib Məlikov əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

 

Məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında müəyyən olunub ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan – mənzilə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayətini törədib.

Tarix: 20 Aprel 2026, 08:24   
Chosen
61
3
pravda.az

4Sources