Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, vaxtından əvvəl keçirilən parlament seçkilərində sabiq prezident Rumen Radevin rəhbərlik etdiyi koalisiya ciddi üstünlüklə liderlik edir...
Poliqon xəbər verir ki, Bolqarıstanda keçirilmiş növbədənkənar parlament seçkilərində sabiq prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası önə keçib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı və protokolların 68,34 faizinin emalına əsaslanan ilkin məlumatlarda bildirilir.
Məlumata görə, yerli vaxtla saat 07:00-a olan vəziyyətə əsasən, adıçəkilən koalisiya səslərin 44,487 faizini toplayıb. Bu nəticə “Proqressiv Bolqarıstan”ın seçki yarışında rəqiblərini əhəmiyyətli fərqlə qabaqladığını göstərir.
İkinci yerdə “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” blokunun qərarlaşdığı qeyd olunur. Həmin siyasi qüvvə 14,002 faiz səs toplayıb. Onların ardınca isə GÖRB və SDS ittifaqı 13,104 faiz göstərici ilə üçüncü yerdə qərarlaşıb.
Seçkilərin ilkin nəticələrində Hüquq və Azadlıqlar Hərəkatının 5,386 faiz səs aldığı, “Dirçəliş” partiyasının isə 4,516 faiz nəticə göstərdiyi bildirilir. Bununla da parlamentə düşmək uğrunda mübarizənin kifayət qədər gərgin keçdiyi müşahidə olunur.
Qeyd edilir ki, seçkilər bazar günü baş tutub. Bolqarıstan Xalq Məclisinin 52-ci çağırışında 240 yer uğrunda ümumilikdə 14 siyasi partiya və 10 koalisiyanın nümayəndələri mübarizə aparıblar. İlkin nəticələr ölkənin siyasi mənzərəsində mühüm dəyişikliklərin baş verə biləcəyinə işarə edir.
Poliqon.info