ABŞ-ın Luiziana ştatında 8 uşağın ölümü ilə nəticələnən silahlı hücumu törədən şəxsin Amerika ordusunun veteranı Şamar Elkins olduğu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, New York Post yerli hakimiyyət orqanlarına istinadən yazıb ki, ölən 8 uşaqdan 7-si onun öz övladı olub.
Bundan əvvəl Luiziana polisi Şrivport şəhərində 1 yaşdan 14 yaşadək 8 uşağın atışma nəticəsində öldüyünü açıqlamışdı. Hücumda şübhəli bilinən şəxs polis təqibi zamanı zabitlər tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, 31 yaşlı Şamar Elkins faciədən qısa müddət əvvəl uşaqlarla, o cümlədən Pasxa münasibətilə birlikdə kilsəyə getdikləri anların fotolarını paylaşırmış.
Onun paylaşımlarından birində Tanrıdan psixi sağlamlıq problemlərini aşmaq üçün kömək istədiyi də qeyd olunub.
Amerika KİV-i həmçinin yazır ki, Elkins 2019-cu ilin martında, ABŞ ordusundakı xidmətini başa vurduqdan üç il sonra, məktəb ərazisində odlu silahdan qanunsuz istifadə və onu gəzdirmə ittihamı ilə saxlanılmış, 18 ay şərti cəza almışdı.
Bizim.Media