EN

Rusiyanın Tuapse limanına dron hücumu nəticəsində bir nəfər ölüb

Moskva, 20 aprel, AZƏRTAC

Rusiyanın Tuapse dəniz limanına dron hücumu nəticəsində bir nəfər həlak olub, bir sakin yaralanıb.

AZƏRTAC xəbər verir ki, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, dron zərbəsi nəticəsində dəniz limanı ərazisində yanğın baş verib. Yaralı şəxsə tibbi yardım göstərilir.

Bildirilib ki, dron qalıqları ibtidai məktəb, uşaq bağçası, muzey, kilsə və yaşayış binası da daxil olmaqla şəhərdəki bir neçə binanın pəncərələrinə zərər vurub. Qaz borusu da zədələnib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, dağıntıların təsir etdiyi yerlərə təcili yardım, xüsusi xidmət orqanları, yanğınsöndürənlər və xilasetmə işçiləri cəlb olunub.

Tuapsedəki hücumla əlaqədar olaraq məktəblərdə dərslər ləğv edilib və bir neçə uşaq bağçası gözləmə rejiminə keçirilib.

Krasnodar diyarının prokurorluğu dəniz limanının nəqliyyat infrastrukturuna da ziyan dəydiyini bildirib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
17
1
azertag.az

2Sources