EN

SEPAH-dan Azərbaycana BÖHTAN: Minlərlə suriyalı döyüşçü…

“ABŞ Suriyadan minlərlə silahlını Azərbaycana, İraq Kürdüstanına və Pakistana köçürüb. Vaşinqton onları silahlandırıb ki, müharibə başladıqdan dərhal sonra İrana daxil olub İslam Respublikasının sistemini devirsinlər”. Musavat.com bildirir ki, bu sərsəm ittihamla İranın İordaniyadakı keçmiş səfiri Mustafa Moslehzadə çıxış edib. “SEPAH Pasdaran” teleqram kanalının məlumatına görə, sabiq səfir bununla sözügedən ölkələrdə “yerləşən” suriyalı döyüşçülərin guya İrana hücum etməyə hazırlaşdığını demək istəyib.

"Trampın İran elektrik stansiyalarını və infrastrukturunu məhv etmək üçün bütün təhdidləri əvvəldən yalan və blef idi. Çünki o başa düşürdü - İranın infrastrukturunun məhv edilməsi regionun bütün infrastrukturunun dağılmasına səbəb olacaq. Körfəz dövlətlərinin və onların zəif iqtisadiyyatlarının səbri tükənmişdi və onlar artıq İranın raket zərbələrinə tab gətirə bilmirdilər. Buna görə də Tramp atəşkəs tələb etdi", - deyə kanal yazır.

Qeyd edək ki, SEPAH-ın teleqram kanalları və ümumən ona yaxın media resursları tez-tez Azərbaycanı hədəf alır. Budəfəki şərləməyə isə uşaq da inanmaz. Çünki Pakistan Vaşinqtonla Tehran arasında danışıqlara ev sahibliyi və vasitəçilik edir, üstəlik, bu ölkənin qırıcıları iranlı nümayəndə heyətini təhlükəsizliyi təmin etmək üçün İslamabaddan evinə qədər müşayiət edib. Yəni Pakistanın İrana hücum üçün suriyalı silahlıları öz ərazisinə yerləşdirməsi gülüş doğura bilər. İraqdakı kürd muxtariyyatının da bu addımı atacağı gözlənilmir. Ümumiyyətlə, Ərbil əvvəlcədən bəyan edib ki, onlar bu prosesdə iştirak etmirlər. Azərbaycana gəlincə, keçmiş səfiri Mustafa Moslehzadə başından böyük qələt edib.

Bakı ilə Tehran arasında münasibətlərin hazırkı vəziyyəti göz qabağındadır: Azərbaycan İrana humanitar yardım göndərir, Rusiyanın göndərdiyi yardımı da çatdırır, dövlət rəsmiləri keçmiş ali rəhbər Əli Xameneinin 40 mərasimində iştirak edib, prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında xoş əlaqələr var... O baxımdan Azərbaycandan plasdarm kimi istifadə olunması nə 12 günlük, nə 40 günlük müharibədə olub. Azərbaycan dövləti onun ərazisindən heç zaman qonşu ölkələrə qarşı hərbi əməliyyatlar üçün istifadəyə icazə verməyib. Suriyalı döyüşçülərin isə İrana hücum etməsi üçün Azərbaycana gəlməsinə ehtiyac yoxdur, bunun üçün başqa yollar da var və keçmiş səfir bisavad danışıb. Sadəcə, SEPAH teleqram kanalları və İranın anti-Azərbaycan siyasətçiləri qarayaxma kampaniyasını davam etdirməkdən yorulmurlar...

Emil Salamoğlu
Musavat.com

Chosen
21
musavat.com

1Sources